Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 12:05:00
UNEC-də İslam iqtisadiyyatına həsr olunan konfrans keçirilib

UNEC-də “Qlobal çağırışlar və islam iqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən konfransda Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov əsas məruzəçi kimi çıxış edib. E.Məmmədov İslam iqtisadiyyatı mözvusunun iqtisadi inkişafa dəstəyi və töhfələrindən, eləcə də mental, hüquqi və iqtisadi aspektlərindən danışıb.  İslam iqtisadiyyatı mövzusunda birgə tədqiqatların aparılmasının vacibliyindən danışan professor, islam iqtisadiyyatının hazırkı qlobal çağırışlar kontekstində ən effektiv və mütərəqqi idarəetmə modellərini özündə birləşdirdiyini bildirib.  E.Məmmədov bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, eləcə də ali iqtisadi təhsildə İslam iqtisadiyyatı ilə bağlı ixtisasın tədris olunmasını təklif edib.

 

Konfransda iştirak edən Türkiyənin İstanbul Sabahattin Zaim universitetinin professoru, İslam iqtisadiyyatı tədqiqatçısı İbrahim Güran Yumuşak İslam iqtisadiyyatının mahiyyəti və inkişafı barədə ətraflı məlumat verib, eləcə də islam iqtisadiyyatının inkişafına təsir edən mühüm amilləri açıqlayıb.

 

BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov İslam iqtisadiyyatının hüquqi əsaslarından və İslam Bankının ölkədə həyata keçirdiyi layihələrdən danışıb. O, İslam Bankının Qarabağın bərpası ilə bağlı layihələrin həyata keçirilməsində yaxından iştirak etməsini təklif edib.

 

UNEC-in Meybullayev adına İslam İqtisadiyyatı Mərkəzinin üzvü, dosent Ruslan Atakişiyev ölkədə İslam iqtisadiyyatı və İslam Bankçılığı istiqamətində həyata keçirilən layihələrdən, UNEC İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı Əfqan Musayev İslam iqtisadiyyatında ticari əxlaq prinsiplərindən, UNEC Dizayn Məktəbinin Dizayn kafedrasının baş müəllimi Aida Dadaşova isə İslamda dizayn və moda anlayışlarından danışaraq, geniş təhlillər aparıblar. Sonda Rus İqtisad Məktəbinin direktoru, dosent Mansur Bərxudarov islam iqtisadiyyatının mental, hüquqi və iqtisadi aspektlərindən söz açıb.

 

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb.