Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 10:48:00
Azərbaycanlı gənclərin ən çox axın etdiyi imtahan – Bunları mütləq bilməlisiniz  

Hazırda gənclər xarici ölkələrdə təhsil almağa çox önəm verirlər. Bunun üçün isə ən vacib məsələlərdən biri həmin universitetin şərtlərinə cavab verməkdir. Xaricdə bir çox universitetlər əcnəbi tələbələrdən dil sertifikatları tələb edirlər. Bu kimi sənədlərə TOEFL, İELTS, ALES, YÖS, TYS aiddir.

Bu gün biz Türkiyədə təhsil almaq istəyənlər üçün Yabancı Öğrenci Sınavı (YÖS) haqqında məlumat verəcəyik.

Türkiyədə təhsil almaq istəyən xarici vətəndaşlar YÖS imtahanı verməlidirlər. Yabancı Öğrenci Sınavı(YÖS) ilə yalnız bakalavr təhsili almaq mümkündür.

İmtahan haqqında

YÖS imtahanı 2 hissədən ibarətdir: məntiq və riyaziyyat;  türk dili

Birinci hissədə Məntiq 45 və Riyaziyyatdan  35 olmaqla, ümumilikdə 80 sual verilir. Bu mərhələyə 90 dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə -  türkcədən səviyyənin  yoxlanılmasına isə 60 dəqiqə ayrılır.

YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. 60-dan yuxarı nəticə göstərdikdə isə  universitetə güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilərsiniz. Daha yaxşı ixtisaslar üçün isə demək olar ki, maksimuma yaxın nəticə göstərməyiniz lazımdır.

YÖS imtahanı hər bir universitetin özündə verilir. Əgər siz imtahan verdiyiniz universitetdə təhsil almaq istəmirsizsə, onda həmin nəticəylə digərlərinə müraciət edə bilərsiniz. Sadəcə əvvəlcədən dəqiqləşdirməlisiz ki, nəticənizi hansı ali məktəb qəbul edəcək.

YÖS -lə oxşar olan digəri isə SAT imtahanıdır. Bəzən tələbələr seçimdə çətinlik çəkirlər. Türkiyənin ən güclü, həmçinin təhsilin  ingiliscə olduğu Qazi, ÖDTÜ, Boğaziçi, Hacettepe kimi universitetləri  SAT-la qəbul aparır. Bu haqda növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik.

Ümumilikdə isə YÖS imtahanını çətinləşdirən ən əsas cəhət yalnız Türkiyədə keçirilməsidir. Bu da bəzi tələbələr üçün problem yaradır.

Qeyd edək ki, YÖS imtahanları hər bir universitetdə müxtəlif vaxtlarda keçirilir. Universitetlərin rəsmi saytlarında isə imtahana müraciət, keçirilmə vaxtı açıqlanır. Həmçinin universitetlərə görə imtahanda müəyyən dəyişikliklər də ola bilər.