Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 17:41:30
Nazirlik bu tədris ilində təhsil naminə nələri etdi? – Ekspertlərdən təqdir və təkliflər

İyunun 12-də Təhsil Nazirliyi ilin yekun hesabatını ictimaiyyətə açıqlayaraq, cari tədris ilində  görülən işlərə aydınlıq gətirildi. Sabah isə bu hesabatın rəsmi təqdimatı baş tutacaq.

Bəs cari tədris ilində Təhsil Nazirliyinin gördüyü işlər, həmçinin, hələ də öz həllini gözləməkdə olan  boşluqlar nələrdir?

AzEdu.az bununla bağlı təhsil mütəxəssislərinin fikrini öyrənib. 

Cari ildə təhsildə həyata keçirilən yeniliklərdən danışan təhsil eksperti Kamran Əsədov nazirliyin il ərzində gördüyü işlərə aydınlıq gətirib:

“Geridə qoyduğumuz tədris  ili təhsil naziri postunun dəyişməsi ilə yadda qaldı. Amma nazirin dəyişməsi və üç aya yaxın vaxt keçməsinə baxmayaraq, nazirlikdə kadrlarla bağlı ciddi struktur dəyişikliyi həyata keçirilməyib. Cəmi boş qamış 2 yerə təyinat olub.

Ümumilikdə, 2017-2018-ci tədris ili ərzində Təhsil Nazirliyinin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Xatırladım ki, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdu. Amma ciddi şəkildə keyfiyyət artımı nəzərə çarpmadı. Müəyyən sahələrdə isə fəaliyyət tamamilə dayandı.

Amma bir sıra ciddi işlər də görüldü. Belə ki, Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” və digər müsabiqələrin keçirilməsi məktəb və  şagirdlər arasında əlaqələri genişləndirdi. Ölkə prezidentinin həyata keçridiyi siyasət nəticəsində Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalındı ki, bu da təhilimizin uğurları sırasındadır.

Uzun illər ərzində təhsilimizdə ciddi problemə çevrilən  məktəbəqədər təhsilin əhatəliliyi genişləndirildi. Bu, olduqca vacib bir addımdır. Bununla yanaşı birinci siniflərə qəbulun elektron qaydada həyata keçrilməsinin əhatə dairəsi artıq bölgələrə qədər genişləndirilib.

Beynəlxalq və Respublika fənn olimpiadalarında iştirak edən, uğur qazanan şagirdlərin sayı artıb.

Bir neçə mərhələli direktor və direktor müavini vəzifəsinə işə qəbul təşkil edilib. Bu təhsil sisteminin ən ciddi uğurlarındandır”.

O, ali təhsil müəssisələrinin  arasında rəqabət mühitinin formalaşdırılması üçün təklif də edib:

“Ali təhsil müəssisələrində keyfiyyət artımı ilə bağlı ciddi problemlər var. Universitetlər arasında rəqabət mühiti yoxdur. Bunun baş verməsi üçün təklif edirəm ki, tələbələrə heç bir məhdudiyyət tətbiq etmədən ixtisas və universiteti dəyişməyə imkan verilsin”.

Ekspertin sözlərinə görə təhsil sistemimizdə hələ də aydınlıq gətirilməyən məqamlar da az deyil:

“Gənclərin elmə gəlməsinə imkan yaratmaq lazımdır. Bu gün ölkəmizdə yaşı 30-dan aşağı olan bir nəfər də elmlər doktoru yoxdur. Gənclərin elmi tədqiqat işlərinin müdafiəsində ciddi maneələr müşahidə olunur.

Müəllimlərin yerdəyişməsi zamanı buna ciddi ehtiyacı olanlara hələ də müsbət cavab verilmir. Müraciətlər fərdi qaydada, ciddi şəkildə araşdırılmalıdır. Diaqnostik qiymətləndirmədə az bal toplayan, diplomları dövlət nümunəli olmayan müəllimlərin isə fəaliyyəti hələ də davam edir. Bu, qətiyyən  yaxşı hal deyil. Onların fəaliyətinə xitam vermək lazımdır.

Dərslik məsələsinin xüsusi diqqətdə saxlanılması, ayrıca dərslik qurumunun yaradılmasına ehtiyac var.

Hesab edirəm ki, növbəti tədris ilində yeni təhsil naziri universitetlərin beynəlxalq reytinqinin artması istiqamətində ciddi fəaliyyət göstərməlidir”.

 Təhsil eksperti İlkin Həsənovun sözlərinə görə isə müəllimlərin ehtiyaclarına yönələn tədbirlərin görülməsinə ehtiyac var:

“Yaxşı olardı ki, bu haqda daha dəqiq fikirlərimi hesabat təqdim olunandan sonra deyim. Amma onu bilirəm ki, Təhsil Nazirliyi kifayət qədər iş görüb. Çünki burada iki amil əsasdı: müəyyən zaman daxilində nə qədər işin görülməsi və görülən işin keyfiyyəti. Amma düşünürəm ki, Nazirliyin fəaliyyətinin əsas tərəfi müəllimlərin peşəkar inkişafı olmalıdır. Düzdür, davamlı olaraq müəyyən işlər görülür. Amma konkret olaraq müəllimlərin istək və ehtiyaclarını üzə çıxarmaq və buna yönəlik tədbirlər görmək daha məsləhətlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları