Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 11:43:00
BSU-nun “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir    

Bakı Slavyan Universitetində (BSU) həyata keçirilən “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir. Layihənin məqsədi BSU-nun hazırda ön cəbhədə hərbi xidmətdə olan və erməni işğalçıları ilə döyüşən məzunlarının ailələrinə mənəvi dəstək vermək, onlarla həmrəylik nümayiş etdirməkdir. Layihə çərçivəsində universitetin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin rəhbərliyi fakültənin məzunları Murad Sadiqovun, Elvin Kazımlının və Rövşən Müslümzadənin valideynlərini ziyarət ediblər.

 

Bu barədə AzEdu.az-a BSU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş zamanı fakültənin dekanı, dosent Şirinbəy Əliyev, Tədris işləri üzrə dekan müavini, dosent Sevil Bağırova, Tərbiyə işləri üzrə dekan müavini Kəmalə Nəsirova və tyutor Leyla Həyatova məzun əsgərlərin valideynləri ilə həmrəy olduqlarını bildirərək məzunlarla qürur duyduqlarını vurğulayıblar. Qeyd edilib ki, rəşadətli Azərbaycan Ordusu erməni təcavüzkarlarının növbəti təxribatına cavab olaraq genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycan Ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Azərbaycan xalqı tarixi günlər yaşayır. Xalqımızın ürəyi ön cəbhədə mənfur düşmənə sarsıdıcı zərbələr endirən igid əsgər və zabitlərimizlə birgə döyünür. Bütün xalqımız kimi, BSU-nun professor-müəllim heyəti və tələbə-gəncləri də başda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva olmaqla, dövlət və ordu ilə birlik nümayiş etdirir. Hər birimiz düşmən üzərində tam və qəti qələbəni əminliklə gözləyirik.

 

Görüş zamanı məzun əsgərlərin ailələrinə sovqat verilib, eləcə də onların universiteti bitirmələri haqqında diplomları valideynlərinə təqdim edilib. Görüş hamıda xoş təəssürat, yüksək əhval-ruhiyyə yaradıb.