Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 15:52:00
Bakı Slavyan Universitetində növbəti layihə: Qürurlu ol, əsgər anası

Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin professor-müəllim heyəti və tələbə-gəncləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətini dəstəkləyir, xalqımızın igid övladlarının qəhrəmanlığından, döyüşçülərin əzmkarlığından qürur duyur.

 

Belə mühüm və məsuliyyətli dövrdə fakültə bir sıra aktual məzmunlu layihələrin təşəbbüskarı kimi çıxış edib. Bu günlərdə fakültə tərəfindən daha bir layihəyə start verilib. “Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində fakültənin rəhbərliyi hazırda könüllü kimi cəbhə bölgəsində hərbi xidmətdə olan məzun əsgərlərin analarına baş çəkir, hal-əhval tutur, xeyir-dualarını bildirir, qələbənin bizimlə olacağına inamlarını ifadə edirlər.

 

AzEdu.az xəbər verir ki, universitetdən verilən məlumatda bildirilir: “Bu ilin məzunu olan Davud Qasımovun anası və nənəsi ilə görüşüb, xoş arzularını, qələbə ruhunu bölüşərkən ailə başçısının da könüllü olaraq ön cəbhəyə getdiyi məlum oldu. Əsgər anası, döyüşçü xanımı olaraq ananın pozitiv əhvalı, qələbəyə inamı, haqq-ədalət uğrunda gedən savaşda qalib çıxacağımıza əminliyi bizdə sevinc hissi oyatdı. Fakültənin digər məzunu Fəqan Rəsulzadənin anası da əsl vətəndaş mövqeyindən çıxış edərək xalqa, dövlətə daim dəstək olduğunu dilə gətirdi.

 

Xalqımız qələbəyə inanır, döyüşçülərimizin əzmkarlığından ruhlanır, tezliklə torpaqlarımızın işğaldan azad olunacağı xəbərini, əzəli yurdumuza qayıda biləcəyi günü əminliklə gözləyir.

 

“Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!” devizi Azərbaycan xalqının qəlbinin, ruhunun nidasına çevrilib”.