Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 14:46:00
İslam coğrafiyasında yaranan, “Ginnesin Rekordlar Kitabı”na düşən ən qədim  universitetlər

Bu gün İslam dünyasının müqəddəs günlərindən biri, Ramazan bayramıdır. İslam dünyası, müsəlman ölkələri  elmin tərəqqisinə görə, hazırda Qərbdən xeyli geri qalsalar da, orta əsrlərdən, hətta qədim dövrlərdən üzü bu yana çox zəngin elmi təcrübəsi olub.  Təsadüfi deyil ki, dünyanın ən qədim universitetləri də məhz İslam coğrafiyasında yaranıb.

AzEdu.az onlardan ikisi barədə məlumat verəcək:

Ən qədim universitetlər kimi  adətən, Kembric və ya Sarabonanın adı çəkilsə də, bu, əslində belə deyil. Dünyanın ən qədim universitetləri Şərqdə, məhz İslam dünyasında yaradılıb.

Ümumiyyətlə, universitet - konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğul olan təhsil müəssisələrinə deyilir. Hazırda ali məktəblər, həmçinin, elmi mərkəz kimi də fəaliyyət göstərir. Dünyanın ən qədim universiteti əvvəlcə məscid, sonra orta məktəb, daha sonra isə universitetə çevrilərək davamlı fəaliyyət göstərən Əl-Qarauin Universitetidir.

Adı Ginnesin Rekordlar Kitabına daxil edilən Əl-QarauinUniversiteti…

Əl-Qarauin Universiteti Mərakeşin Fes şəhərində yerləşir. Bu universitetin əsası 859-cu ildə  Fatimə əl-Fihri tərəfindən qoyulub. İlk dəfə məscid olaraq faəliyyətə başlayan universitetdə 1957-ci ilədək sadəcə, təbiət elmləri tədris olunub. Getdikcə isə fizika, riyaziyyat, kimya və xarici dillər də əlavə edilərək, universitet daha da inkişaf etdirilib. Hazırda “dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi” kimi Əl-Qarauin Universiteti Ginnesin Rekordlar Kitabına daxil edilib.

156 azərbaycanlı müdavimin təhsil aldığı Əl-Əzhər Universiteti…

İslam dünyasının ən qədim universitetlərindən biri də Əl-Əzhər Universitetidir. Əl-Əzhər Universiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim ali məktəblərdən hesab olunur. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 970-ci ildə Misir Fatimiləri dövründə qoyulub. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilib.

Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli  969-cu ildə son İxşidi hökmdarı Əhmədi (968-969) taxtdan salaraq qədim Qahirəyə daxil olub. Fatimilər Misirdə öz paytaxtlarını  salmaq üçün Qahirəni (əl-Qahirə - "Qalib şəhər") tikməyə başlayıblar. Elə Əl-Əzhər məscidi də də həmin vaxt inşa edilib. Məscidin tikinti işləri iki il davam edir  və 972-ci ildə ilk dəfə istifadəyə verilir.

Fatimi xəlifəsi Müizz Lidinillah Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olub. Baş qazi Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlayıb. Beləcə məscid yavaş-yavaş təhsil ocağı kimi formalaşmağa başlayıb.

1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmağa başlayıb. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris, əsasən ərəb dilində aparılsa da,  tələbələr başqa mühim dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti, orta hesabla, 13827 nəfər tələbə və 8770 magistrant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə mövcuddur.