Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 15:28:00
Pandemiyalı tədris ilinə uyğunlaşa bilirikmi?    

*Çoxuşaqlı ailələrdə texnoloji alətlərin çatışmazlığı problemi qalmaqdadır.

*Müəllimlər onlayn dərs metodikasına nələri daxil ediblər?

*Uşaqların dərsə uzaqdan daha rahat mühitdən qatılmaları məktəb vərdişlərinə təsir edə bilərmi?

*Bu tədris ilinin birincilərinin  illər sonra xatırlayacağı ilk parta yoldaşları olmayacaq (valideyn sitatı)

 

Elmin inkişafı ilə öyündüyümüz bir dövrdə hər hansı virusun bu qədər genişmiqyaslı təsirini, bəlkə də heç kəs təxmin etməzdi. İndi məktəbəqədər yaşda uşaqlardan tutmuş ən yaşlımıza qədər az qala hamı COVİD-19-un nə olduğunu bilir. Bu il uşaqlar tibbi maskada, darıxdığı dostları, müəllimləri ilə qucaqlaşmadan, əl sıxmadan məktəbə qədəm qoydular. Hələ ibtidai təhsil pilləsində təhsil alanlara, xüsusən birincilərə fiziki məsafəni qorumaq anlayışını təlqin etmək üçün həm məktəb mühitində çalışanlar, həm də valideynlər xeyli əmək, səbir sərf etməli olacaqlar. Üstəlik, “sinif yoldaşına, müəlliminə yaxın dayanma, tez-tez əlini yu, maskanı çıxarma!”- xəbərdarlığı eşidən azyaşlının psixologiyası indidən hansı səmtə yön alacaq, onu da proqnoz etmək çətindir. Psixoloqlar soyuqqanlı, məsafəli, özünəqapanıq nəslin yetişməsinə səbəb olacaq yeni “münbit” şəraitin formalaşmasından narahatdırlar.

 

Hazırda yaşadığımız keşməkeşli ilin mart ayından ölkə üzrə ümumi və ali təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldı. Martın 11-dən başlayaraq teledərslərə start verildi, dərslərin yayımı “Mədəniyyət” və “ARB Günəş” telekanallarında davam edir. Aprelin 2-dən isə Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb” layihəsi işə başladı. Əlbəttə, onlayn təhsilə hazırlıqsız keçən ailələrin əksəriyyətində texniki və texnoloji alətlərin çatışmazlığı problemə çevrildi. Başqa bir tərəfdən baxanda, bu layihə həm də valideynlərə övladının müəllimlərinin dərs keçmə metodikası, yeri gələndə davranışı, xarakteri ilə yaxından tanışlıq imkanı yaratdı. Üstəlik, valideynlər övladlarının bacarığına, dərsə hazırlıq prosesinə, elə xasiyyətinə də daha aydın bələd oldular.

 

Beləcə, 2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edildi. Yəni məktəb-şagird-valideyn üçbucağında münasibətlər yeni mərhələyə keçid alaraq “virtual məktəb ailəsi” modeli yarandı.

 

Bəs böyüklərin alışmağa çətinlik çəkdiyi pandemiya vərdişlərini övladlarımıza necə aşılamalıyıq?

 

 “Məktəblinin dostu” layihəsinin psixoloqu Nərmin Abbasova deyir ki, imkan daxilində evdə uşaqların dərsə qoşulduğu daimi sakit və rahat köşə yaradılmalıdır: “Valideyn dərsi eyni məkanda izləsə də, dərslərə müdaxilə etməməli, övladının fikrini yayındırmamalıdır. Övladlarının məktəb tərəfindən verilən dərs cədvəlinə uyğun saatlarda iştirakına diqqət göstərməli, dərs hazırlığına məsuliyyətlə yanaşmalarına dəstək olmalıdırlar”.

 

 

Psixoloq pedaqoqlara da dərs metodikasında dinamikliyə önəm verilməsini, dərslərin əsasən sual-cavab formatında keçirilməsini tövsiyə edir: “Məsələn, mövzunu slaydlarla izah etmək, şagirdlərdən rəy almaq, “səni yaxşı görürəm”, yaxud “indi ekranda sənsən”, “bu mövzunu sən şərh et” kimi müraciətlərlə onların diqqətini dərs boyu özündə saxlamaq tapşırığın qavranılmasında da effektli ola bilər”.

 

Əlbəttə ki, bu mərhələdə valideynin məsuliyyəti, diqqəti daha da artır. Çünki uşaqlar məktəbdə olanda valideyn övladını artıq müəllimə əmanət etmiş sayır, ən azından dərs vaxtı telefondan uzaq qaldığına əmindir. Ancaq evdə o, həm də övladının onlayn dərslərə qoşularkən dəsrdən yayınıb digər tətbiqlərə, saytlara keçib-keçməməsinə  nəzarət etməlidir.

 

 

Valideyn Ülkər Qasımova “övladımın bu şəraitdə məktəbə getməsini təsəvvür etmirdim”, - deyir. İlk övladı olan Fərəh məktəb həyatına 160 nömrəli Klassik Gimnaziyada başlayıb. “Düşünürdüm ki, onu daha xoş əhval-ruhiyyədə yola salım. Onsuz da neçə aydır davam edən pandemiya şəraiti insanlarımızda, cəmiyyətdə xeyli psixoloji gərginlik yaradıb. Məsələn, bu tədris ilinin birincilərinin illər sonra xatırlayacağı ilk parta yoldaşları olmayacaq. Əlbəttə, bu məqamlar, onların qarşılaşdığı insani münasibətlərdəki qadağalar sosiallaşmaqlarına təsir göstərə bilər. Dərslərə gəldikdə isə, həftənin qalan günləri, yəni onlayn dərslər olan günü xüsusən işləyən valideynlər üçün çətindir. Övladımızın dərslərinə necə nəzarət edə biləcəyik- bu, məni çox narahat edir. Yenə də ümid edirəm, tezliklə çətinliklərin öhdəsindən gələrik. Düşünürəm ki, bu sınaqları görən nəsil daha hazırlıqlı, uzaqgörən olacaq, hadisələrdən çevik nəticə çıxara bilməyi bacaracaq. Biz də valideyn kimi bu çətin vaxtda, əsas da övladlarımızın işıqlı gələcəyi üçün birlik olmalı, əlimizdən gələni əsirgəməməliyik”.

 

 

 

Onlayn təhsil şagirdlərin motivasiyasına necə təsir edir?

 

Dünya təhsil sistemi distant modelə transfer olandan bəri təhsil münasibətləri fonunda araşdırmalar da, əsasən bu istiqamətə yönəlib. Dərsə evdən qoşularaq rahat geyimdə, sevimli masasında, stulunda oturmuş, qarşısında meyvəsi, suyu, çayı qoyulmuş şagirdin, yoxsa sinifdə davranış qaydalarını pozmadan intizamlı, daim müəllim nəzarətində olan şagirdin motivasiyası üstün olar?

 

Azərbaycan Britaniya Kollecində “Year 1” bölümünün rəhbəri, eyni zamanda, müəllim-mentor və psixoloq kimi çalışan Lalə Oruclu “xüsusən ibtidai təhsil səviyyəsində onlayn dərs keçən müəllimlərin dərsi oyun, maraqlı formatda təşkil etməsi vacidbir”, -deyir. “Uşaqların evdə sevimli oyuncağı varsa, yaxud hərəkətli danışmaq istəyirsə, əsasən oxu dərslərində müəllim ona şərait yaratmalıdır. Nağılı, hekayəni ola bilər ki, uşaq o əşyası, oyuncağı ilə oyun şəklində təqdim etsin. Riyaziyyat dərsində tapşırıq verilibsə, məsələn, toplama əməlində evdəki kiçik əşyalarla onu göstərə bilər. Bir müəllim kimi düşünürəm ki, bu vasitələrlə həm müəllim,  həm də şagirdlər onlayn dərsdə çox yorğunluq hiss etməz, motivasiyaları yüksək olar”.

 

 

Ağstafa rayon 1 nömrəli tam orta məktəbin 40 ildən çox pedaqoji fəaliyyətdə olan Əməkdar tarix müəllimi İndira Səmədova onlayn təhsilin xüsusən yuxarı yaş katerqoriyasında olan müəllimlər üçün çətinlik yaratdığını deyir: “Əlbəttə, gənc müəllimlər müasir texnoloji yeniliklərlə yanaşı böyüyüb. Biz də çalışırıq məhz şagirdlərimiz üçün virtual tələblərlə ayaqlaşaq. Mən Microsoft Teams platformasına qoşula bilməyən şagirdlərlə Whatsapp, Zoom sosial şəbəkələri üzərindən əlaqə qururam, onların dərsdən geri qalmamalarına çalışıram. Biz müəllimlər üçün də anidən onlayn təhsilə keçid gözlənilməz oldu”. 

 

İndira müəllim rayonda internetin sürətində problemlə qarşılaşmadığını desə də, şagirdlərinin hamısının eyni vaxtda dərsə qoşula bilməməsindən narahatdır. “İki-üç övladı olan ailələrdə, məsələn, bir telefon varsa, eyni saatda dərsləri başlayan uşaqlar dərsə qoşula bilmirlər”, -deyir.

 

O, həm də bir müəllim kimi şagidlərin motivasiyasını, dərsə davamiyyətini yüksək saxlamaq üçün müəllimin pedaqoji ustalığının vacib olduğunu qeyd edir: “Uşaqların diqqəti yayınmasın deyə tez-tez onlara müraciət edirəm, suallar verirəm, hər kəsdən videokamerasını açıq saxlamağı xahiş edirəm. Kameranın açıq olması həm də müəllimin dərsi yaxşı idarə etməsinə müsbət təsir edir, elə onların da diqqətini artırır. Onlayn dərslər zamanı maraqlı bir hal da müşahidə etmişəm. Ənənəvi dərslər zamanı utancaq, cavab verməyə, lövhəyə çıxmağa çəkinən şagirdlər burada daha fəal olurlar, rahat danışırlar”.

 

Məktəbdə bullinqə məruz qalan şagirdlərə onlayn təhsil müsbət təsir edirmi?

 

Əsasən də məktəbdə sinif yoldaşları tərəfindən bullinqə məruz qalan, məktəbi sevməyən şagirdlər üçün onlayn təhsilin göydəndüşmə olduğu haqda da mülahizələr var.

 

“Məktəblinin dostu” layihəsinin psixoloqu Nərmin Abbasova deyir ki, bu məsələ onların da diqqətindədir. Amma hələlik bu qiymətləndirmələri aparmaq tezdir. “Biz il boyu şagirdlərimizə, valideynlərə psixoloji dəstək olmağa hazırıq. Mütəxəssis kimi də müşahidələr aparırıq, tədris ili hələ yeni başlayır. Biz də çalışacağıq ki, şagirdlərimizin dərsə, məktəbə sevgisi, həvəsi azalmasın”.

 

Dünyanın onlayn təhsilə fokuslandığı bu mürəkkəb zamanda “The World Economic Forum” “Virtual təhsilin gözlənilməz faydaları” (https://www.weforum.org/agenda/2020/09/unexpected-benefits-virtual-education/) başlıqlı məqalədə təsəlli ola biləcək nəticələr əldə edildiyini yazır.  Vurğulanır ki, distant təhsil karyerada yeni iş bacarıqlarına yiyələnmə, daha müasir yanaşma, işəgötürən və işçilər arasında yeni tələblər, xüsusən ucqar yerlərdə, müxtəlif coğrafi məkanlarda yaşayıb daha yaxşı iş və təhsil imkanları axtaranlar üçün əlçatanlığı  asanlaşdırır.

 

Bütün asan və çətin tərəflərinə rəğmən, mütəxəssislər, insan sərrafları fərdlər arasında münasibətlərin formalaşmağı, emosional bağlılığın qırılmaması, empati hissinin itməməsi üçün canlı öyrənmə mühitinin tərəfdarıdır. Odur ki, ölkəmizdə təhsil camiəsi üçün canlı,  ənənəvi təhsilin tezliklə tam bərpasını görmək ümidi ilə.

 

Gülnarə İlham

Azərbaycan müəllimi