Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 10:08:00
Malların təhsil müəssisələrinə gətirilməsinə dair tələblər yeniləndi

Xüsusi karantin rejimi dövründə malların təhsil müəssisələrinə gətirilməsi ilə bağlı tələblər müəyyənləşib. 

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib. 

 

Qeyd edilib ki, malların təhsil müəssisələrinə gətirilməsi zamanı sosial məsafənin saxlanılması təmin edilməlidir. Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməlidir. Təhsil müəssisəsinin qida məhsullarının tədarükü, istehsalı, hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi heyəti bu bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki xidmət işçiləri, malların daşınmasını həyata keçirən sürücülərlə və digər şəxslərlə yaxın təmasda olmamalı, sosial məsafəyə riayət etməli və qoruyucu vasitələrdən istifadə etməlidir. Tullantılarla bağlı işlərə məsul işçi ayrılmalıdır. 

 

Ümumi istifadədə olan ərazilərdə maska, əlcək kimi qoruyucu vasitələr üçün tullantı qutuları qoyulur, həmin qutuların üzərində onların yalnız həmin məqsədlər üçün nəzərdə tutulduğu göstərilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda utilizasiya edilir. Ümumi istifadədə olan ərazilər tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunmalıdır. Tullantılar kip bağlanan və sızıntıya dayanıqlı möhkəm zibil qutularına yığılır.

 

Təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir. Sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını əks etdirən posterlər yerləşdirilir.  Təhsil müəssisələrinin görünən yerlərində (dəhlizlərdə, sanitariya qovşaqlarında, yataqxanada, yeməkxanada və s.) COVID- 19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər yerləşdirilir. Təhsilalanlara COVID-19 virusu barədə zəruri informasiyanı, eləcə də gigiyena və sosial davranış qaydalarını özündə əks etdirən bukletlər paylanılır. Təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət  üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena qaydalarına nəzarət, tədris və təlim-tərbiyə prosesinin idarə edilməsi, valideyn və təhsilalanlara dəstək mexanizmini əks etdirən təlimatlar hazırlanır və onlara çatdırılır. Təhsilverənlər üçün tədris prosesinin idarə edilməsi, təhsilalanların gigiyenik və sosial davranış qaydalarına əməl etməsinə nəzarəti, eləcə də onlara sosial-emosional dəstək verilməsini əks etdirən təlimat hazırlanır və elektron versiyada paylaşılır. Valideynlər üçün COVID-19 virusu barədə zəruri informasiyanı, övladlarının təhsilinə dəstək üsullarını, eləcə də uşaqlara sosial-emosional yardımı özündə əks etdirən yaddaş kitabçası hazırlanır və elektron versiyada paylaşılır. Texniki heyət COVID-19 virusunun əlamətləri (şübhəsi) müəyyən edilən şəxslərlə təmasda olacağı təqdirdə, riayət etməli olduqları davranış qaydaları barədə məlumatlandırılır.