Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 17:01:00
BMU tələbələri 2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışının qalibləri sırasında yer alıb

Bakı Mühəndislik Universitetinin (BMU) “ENACTUS BEU” komandası Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “2020-ci il ENACTUS Azərbaycan Virtual Milli Yarışı”nda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, “ENACTUS BEU” komandası bu yarışa ilk dəfə olaraq “EasyCare (Asan Qayğı)” layihəsi ilə qatılıb. Layihənin məqsədi gün boyu məşğul və hərəkət məhdudiyyəti olan insanların həyatını asanlaşdıracaq və tibbi xidmətlərin bəzilərini mobil tətbiq vasitəsilə həll etmək olub.

 

Komandanın layihə işçi qrupunda BMU-nun Mühəndislik fakültəsindən Kamil Əliyev, Pedaqoji fakültəsindən Jalə Mirzəyeva və Gülnar Abasova, həmçinin universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov və İnnovasiya mərkəzinin müdiri Elçin Yusubov layihənin məsləhətçiləri qismində fəal iştirak ediblər. BMU-nun komandası öz layihəsi ilə 29 avqust tarixində 1-ci liqada iki qalibdən biri olaraq finala vəsiqə qazanıb. Yarışın 2-ci günü - 30 avqust tarixində isə finalda III yerə layiq görülüb. Qalib komandalar kubok və sertifikatlarla mükafatlandırılıb.

 

Qeyd edək ki, ötən illərdən fərqli olaraq ali təhsil müəssisələrinin “ENACTUS” komandaları çalışdıqları layihələrin təqdimatlarını münsiflər heyəti qarşısında onlayn formatda həyata keçiriblər. 30-dan çox dövlət və özəl qurumlardan olan münsiflər heyətindən ibarət yarışda 14 komanda gərgin mübarizə aparıb. Liqalardan ibarət olan yarışın hər liqasında seçilən dörd finalçı komandaların çıxışları və layihələri ENACTUS Azərbaycanın İdarə heyəti tərəfindən qiymətləndirilib. Qalib komanda cari ilin sentyabr ayında virtual keçiriləcək ENACTUS Dünya Kubokunda “ENACTUS-2020” dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.

 

Xatırladaq ki, 1975-ci ildə ABŞ-da təsis edilən “ENACTUS” proqramı indiyədək 72 mindən artıq iştirakçı toplayaraq, 2 milyondan çox insanın həyatını dəyişərək, cəmiyyətə öz töhfələrini verib. Əsas məqsədi gənclərin nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə dəstək göstərmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək olan “ENACTUS” proqramına Azərbaycan 2005-ci ildən qoşulub. BMU-da isə “ENACTUS BEU” komandası 2019-cu ilin avqust ayından formalaşmağa başlayıb.