Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-30 14:10:00
Polad kimi Mübariz qəhrəmanlarımız

Allah, vətən, torpaq yolunda ölənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (ƏLİ İMRAN SURƏSİ 169) Azərbaycan xalqı üçün bu həyatda ən əziz, qiymətli və müqəddəs bir hiss vardır ki, o da vətən və vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Çünki bu vətən Mübariz kimi milləti və vətəni üçün ölümün gözünə dik baxan, ölümün üzərinə təkbaşına gedən, yüzlərlə düşmənlə təkbaşına mübarizə aparan, Polad kimi cəsur, mərd, rütbəcə general olmasına baxmayaraq, öz əsgəri ilə çiyin-çiyinə birlikdə səngərdə döyüşən qəhrəmanlar yetişdirir. Şəhidlər din, vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır. Şəhidlər onlara verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanlardır. Şəhidlər illər, əsrlər,minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını qanı ilə yazanlardır Şəhidlər. Şəhidlər Azərbaycan xalqının kimliyini, mənliyini qoruyan qəhrəmanlardır. 2020-ilin iyul ayında düşmənə bir qarış belə vətən torpağını verməmək üçün general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, baş-leytenant Rəşad Mahmudov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, çavuş Vüqar Sadıqov, əsgər Elşad Məmmədov, əsgər Elçin Mustafazadə, əsgər Xəyyam Daşdəmirov və Nazim İsmayılov kimi qəhrəmanlarımız şəhidlik zirvəsinə ucaldılar, öz qanları ilə bir qəhrəmanlıq dastanı yazdılar. İlk şəhid generalımız Polad Həşimov təkcə cəsarət və şücaəti ilə deyil, eyni zamanda rütbə fərqi qoymadan öz əsgərləri ilə səngərdə çiyin-çiyinə döyüşən, hər zaman əsgərlərinə qarşı diqqət və qayğısını, sevgisini əsirgəməyən bir qəhrəman kimi bizim və gələcək nəsillərin daim qəlbində yaşayacaqlar. İyul qəhrəmanlarımız başqa ata və analar ağlamasın, başqa övladlar atasız böyüməsin deyə Allahın onlara bəxş etdiyi ömür payını gələcək nəsillərin xoşbətliyinə bağışladılar və öz doğmalarını bu vətənə, millətə əmanət edib şəhidlik zirvəsinə ucaldılar. Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Tezliklə bütün şəhidlərimizin qisasını alacağıq və üçrəngli şanlı bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü uğruda şəhid olan qəhrəmanlarımızı Azərbaycan xalqı heç vaxt unutmayacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Tural Hüseynov (Biləsuvar rayon A.Cürəli kənd tam orta məktəbi, direktor müavini)