Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-11 17:28:00
“Pedaqoji prosesdə bunu etməsən problemlər qaçınılmaz olacaq” -Sədr müavinindən geniş təhlil

 

 

 Etiraf etməliyik ki, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.”

 

Son günlər AzEdu.az  saytında diqqətimi Təhsil Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı  Niyazi Rəhimovun “Bu gün ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır” başlıqlı müsahibəsi cəlb etdi: “Hər birimiz bilirik ki, bu gün məktəblərimizdə həm təlim, həm də tərbiyə məsələsində həllini gözləyən çox işlər var. Mənə görə tərbiyə ilə təlimə eyni ölçüdə yanaşmalıyıq. Zənnimcə, bizdə tərbiyə məsələsi biraz kölgədə qalır.  Gücü ancaq təlim nəticələrinə yönəldirik. Məktəblərimiz hesabat verərkən belə ancaq təlim nəticələri ilə bağlı rəqəmlər açıqlayır. Unutmamalıyıq ki, məktəb təkcə təlim deyil, həm də tərbiyə müəssisəsidir.”

 

Açıq etiraf edək ki, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var." kimi proqram xarakterli mesaj vermişdi.

 

Mən hələ neçə illər bundan qabaq, təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir.

 

 

Hələ bizim eradan əvvəl qədim dünyanın ilk filosoflarından sayılan Sokratın tələbəsi, Aristotelin müəllimi olan Platon hesab edirdi ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Platona görə, tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkişaf etdirməkdir.

 

Əlbəttə, məqsədim heç də klassiklərin və ya müasirlərin əxlaq və bütövlükdə tərbiyə haqqında fikirləri ilə bağlı kiməsə mühazirə oxumaq deyil. Bununla belə. Zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.

Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

 

Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.

 

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.

 

Halbuki, bir o qədər də uzaq olmayan keçmişimizdə bizdə belə bir təcrübə olub və bunun müsbət nəticələrinin də bilavasitə şahidi olmuşuq. Heç də təsadüfi deyil ki, Sovet dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, huquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.

 

Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvı aspektli mətnlər salınardı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt hesab edilirdi. Tərbiyə olunan ona tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya və yaş fiziologiyasının əsaslarına xüsusi yer ayrılırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya pedaqoji prosesdən ayrı düşüb, əsla yanılmarıq.

 

Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.

 

Yəqin heç kəsə sirr açmış olmaram, əgər desəm ki, hazırda “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayısəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin bir çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədis işlərinə baxan müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.

 

Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq.

Məktəblərimizdə və bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.

Qədim Roma filosofu və dövlət xadimi Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər. Təlim və tərbiyə vəzifələrini vəhdət halında həyata keçrmək üçün isə, heç olmasa fəlsəfə doktoru Etibar Əliyev tərəfindən böyük və gərgin zəhmət hesabına tərtib olunmuş “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabı hər bir təhsil işçisinin stolüstü kitabına çevrilməlidir.  Xatırladım ki, həmin kitab əlavələr və təkrar redaktə ilə yenidən nəşr olunub.

 

Kitabda görkəmli filosoflar, pedaqoqlar, Nobel mükafatı laureatları və nüfuzlu alimlər sırasında İmmanuil Kant, Artur Şopenhauer, Viktor Hüqo, Con Dyüi, Xose Orteqa-i -Qasset, Lüdviq Vitgenşteyn, Martin Haydeqqer, Yurgen Habermas, Bertran Rassel, Albert Eynşteyn, Ceyms Uotson, Riçard Feynman, Əbdüs Salam, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Hüseyn Cavid, Həsən Quliyev, Qorxmaz Quliyev, Antonio Maçado, Jan Liotar, Qovard Qardner, Valter Benyamin, Əhməd Zevayl, Jan Piaje, Con Qudled və başqalarının təlim-tərbiyə haqqında fikirləri geniş yer alıb.

 

Hesab edirəm ki, Niyazi Rəhimovun ideya və təklifi dəyərləndirilməli, Etibar Əliyevin “Antologiyası”nın  isə kütləvi tirajla nəşr olunaraq, hər müəllimə olmasa belə hər məktəbə bir nüsxə çatdırılmasının təmin edilməsi, təlim-tərbiyə prosesinə vəhdət halında baxılması baxımından faydalı olar...

 

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti