Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 17:59:00
Memarlıq və İnşaat Universitetində onlayn “Məzun günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019-2020-ci tədris ili məzunlarının “Zoom” proqramı üzərindən onlayn “Məzun günü” keçirilib.

 

AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə universitetə həsr olunan videoçarxa baxıblar. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova zəngin elm və təhsil ənənələrinə malik olan bu ali təhsil ocağının həyatında 45-ci buraxılışın ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun virtual şəkildə təşkil edildiyini bildirib.

 

Rektor builki məzunların təhsildəki nəticələrindən və universitetin ictimai həyatındakı uğurlu fəaliyyətindən danışıb: “Başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1314 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 251 nəfər olmaqla cəmi 1565 gənc bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 5, magistr tələbələrimizdən isə 22 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Sudan, ÇİN, Rusiya və Özbəkistandan 60 məzun var”.

 

Onlayn tədbirdə rektorun AzMİU-nu fərqlənmə diplomu ilə bitirən, universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən məzunların valideynlərinə ünvanlanan təbrik məktubu oxunub.

 

BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “PMD Projects” MMC-nin direktoru Dəyanət Sadullayev məzunlara özlərini inkişaf etdirmək üçün səylə çalışmağı tövsiyə ediblər.

 

Universiteti fərqlənmə diplomu ilə bitirən Memarlıq fakültəsinin tələbəsi Lalə İskəndərli, Türkmənistandan olan əcnəbi tələbə Lalə Xanhüseynova tələbəsi olduqları ali təhsil ocağında rektorluq və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini vurğulayıblar.