Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 11:06:10
Azərbaycanlı alim Günəş enerjisi ilə işləyən avtomobillər üçün riyazi model hazırlayıb

 

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, akademiyanın müxbir üzvü Rauf Qardaşovun “Günəş avtomobillərinin yol boyunca hərəkətinin riyazi modelləşdirilməsi: simulyasiya və vizuallaşdırılma” mövzusunda elmi məruzəsində yeni modeldən söz açılıb.

Alim AMEA-nın Rəyasət Heyəti qarşısında oxuduğu məruzəsində qeyd edib ki, artıq neft məhsulları ilə işləyən avtomobillərin erası başa çatmaqda və akkumulyatordan qidalanan elektromobillərdən istifadəyə keçid başlamaqdadır. Növbəti mərhələdə hibrid – akkumulyator və Günəş enerjisi ilə işləyən avtomobillərə keçid olacaq. Yüksək effektli və maya dəyəri nisbətən az olan fotoelementlər kəşf edildikdən sonra isə əsasən Günəş enerjisi ilə işləyən avtomobillərdən istifadə olunacaq.

 

Vurğulanıb ki, Günəş avtomobillərinin mühüm fərqi enerji qaynağının – Günəş enerjisinin avtomobilin xaricində olması və onun kəmiyyətinin tərəfimizdən idarə edilməsinin mümkünsüzlüyüdür. Günəş avtomobilinin panelinə düşən enerjinin miqdarı coğrafi nöqtədən və onu əhatə edən relyefdən, ilin vaxtından, atmosferin şəffaflığından asılı olaraq dəyişməkdədir. Bu səbəbdən Günəş avtomobillərinin optimal hərəkətinin təşkili üçün seçilmiş yol boyunca Günəş enerji potensialının hesablanması və buna uyğun olaraq avtomobilin hərəkətinin simulyasiyası zəruridir.

 

Alim Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırladığını diqqətə çatdırıb. Bunun iki modelin birləşməsindən ibarət olduğunu bildirən R.Qardaşov deyib: “Birinci “Günəş radiasiyası modeli”dir və bu yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən Günəş enerjisini hesablayır. İkincisi isə “Günəş avtomobilinin hərəkətinin riyazi modeli”dir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr – dartı, ağırlıq, reaksiya və müqavimət, yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib. Seçilmiş yollar – Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin boyunca “SunRiser” Günəş avtomobilinin hərəkəti simulyasiya edilib və monitorda vizuallaşdırılıb”.

R.Qardaşov bu modelin gələcəkdə geniş istifadə olunacaq Günəş avtomobillərinin naviqasiya sisteminin əsasını təşkil edəcəyini diqqətə çatdırıb. “Fikrimcə, bu model enerjidən optimal istifadə etməklə hərəkətin başlanğıc vaxtının seçimi, yol boyunca saxlanılması lazımi optimal sürət, dağ keçidlərinə çatma vaxtı, akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi və s. problemlərin həllinə kömək edə bilər”, - deyə AMEA-nın müxbir üzvü bildirib.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Akif Əlizadə, İbrahim Quliyev, Hətəm Quliyev, Ramiz Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.