Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 15:47:00
Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları davam edir

 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları çərçivəsində bu gün “Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans  öz  işinə başlayıb.

 

  AzEdu.az  xəbər verir ki, onlayn konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək, iştirakçılara uğurlar və səmərəli təcrübə mübadiləsi arzulayıb.

 

 İki gün davam edəcək konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”,  “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.

 

 Konfransa Azərbaycanın 10-a yaxın təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib. Onlar ADA, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının təmsilçiləridirlər. Beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və  Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub.

 

 Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərini əhatə edir.

 

  8 iyunda açılışı olan “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” , “Qazıntı və bərpaolunan enerji” konfransları artıq işini yekunlaşdırıb.