Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 12:47:00
TƏBİB: İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

İmtahanlara onlayn qeydiyyat təmin olunmalıdır. İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası aparılmalı, işçi heyət şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl etməlidir.

 

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan olunması vacibdir.

 

 AzEdu.az  xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin imtahanlar zamanı koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

 

Metodiki göstərişdə bildirilir ki, imtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını, imtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı olmayan və xroniki xəstəlikdən əziyyət çəkməyən şəxslərin təyin olunmasını, şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkilini təmin etmək zəruridir.

 

Həmçinin imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsi, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları, imtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi təmin olunmalıdır.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2 metr) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini, imtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını, hər iştirakçının arasında sosial məsafənin qorunmasını, imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini, iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri, yəni COVID-19-a spesifik olan simptomları - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s. bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, “103” təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını təmin etmək vacibdir.