Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 16:50:00
“Yaxşılar siyahısı”ında biz niyə yoxuq? - "Azərbaycanda bu reytinqlərə əhəmiyyət vermirlər"

“Dünya universitetlərinin reytinqi, təxminən, 25 min universitet analiz edildikdən sonra açıqlanır. Seçim kriteriyalarına quruluş, universitetlərin təhsil və müəllim keyfiyyəti, PR, məzun olmaq və araşdırma imkanları, beynəlxalq sərgilərdə iştirak, xarici partnyorlar, alınan sertifikatlar daxildir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Fuad Hacıyev deyib.Onun sözlərinə görə, universitetlərin reytinq cədvəlində Amerika həmişə lider olur:

“Çin, İngiltərə kimi ölkələr də həmişə ilk sıraları  bölüşürlər. Bizə ən yaxın olan və təhsili doğrudan da güclü olan Türkiyə universitetleri də bu siyahıda aşağı -yuxarı 10 universitetlə yer alırlar”.

Ekspert bildirib ki, bizim universitetlerin Beynəlxalq Əlaqələr şöbəsinin bu siyahıdan xəbəri var:

“Əgər hansısa universitetin xəbəri olmasa, deməli orda bu şöbə, ümumiyyətlə, işləmir. Bizim universitetləri kimsə könüllü şəkildə reytinq siyahısına salan deyil. Yaxşı olmaq yetmir,  ən yaxşı olmaq lazımdır. Dünyada minlərlə universitetin elə çoxu yaxşıdır. Ona görə, bizim universitetlər ən yaxşı olmağa çalışmalıdır”.

“Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Süleyman bildirib ki, bu tip reytinqlər, adətən, tələbələrin işlə təmin olunması, tələbə şəhərcikləri, yataqxanalar və bəzi başqa nüanslara görə tərtib edilir:

“Bizdə vəziyyət başqadır, bu kimi reytinqlərə çox da önəm verilmir. Çünki bizim əksər universitetlərdə Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti qənaətbəxş deyil. Onlar belə reytinq cədvəlinin mahiyyətini anlasalar, o zaman bu işə can yandıracaqlar”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev bildirib ki, dünya universitetlərinin reytinq cədvəlini müxtəlif şirkətlər çap edir:

“Azərbaycanda 50-ə yaxın ali təhsil müəssisəsi var. Bunlardan bəziləri zaman-zaman bu siyahılara düşürlər. Qərbi Avropa və Amerika Universitetləri, hətta bəzi Asiya ölkələrinin universitetləri var ki, kifayət qədər güclüdürlər. Təəssüf ki, burada reytinq ölkələr üzrə götürülmür, birbaşa universitetlərdir. Bunlardan təxminən 150- i ABŞ,  60-ı Böyük Britaniya, eyni qədər Almaniya, Fransa universitetləri olur. Türkiyə kimi ölkədən isə 1-2 universitet bu siyahıya düşə bilir.

Onun sözlərinə görə, burada marketinq məsələsi də əsas götürülür:

“Məsələn, “ Nyu-York Times” jurnalı belə bir reytinq cədvəli hazırlayır. Sonra Böyük Britaniyanın “Times” qəzetində ildə bir dəfə reytinq cədvəli çap olunur. Onların agenturası sorğu keçirir. Həmin dərgilər də onlarla işləyən universitetlərə üstünlük verirlər. Təhsil sistemimiz inkişaf edərək  Avropa təhsil sisteminə inteqrasiya edir. Baloniya prosesinə qoşulmuşuq və s. Amma bütün bunlara baxmayaraq, bəzi təşkilati- idari məsələlər hələ də qalır. Təbii ki, zaman lazımdır. Azərbaycan elmi inkişaf edir. Azərbaycan alimləri  Avropanın ən məşhur universitetlərində kafedra qurmuş insanlardır, yəni elmin təməlini qururlar. Zaman-zaman konservləşmiş biliklərimizi ortaya çıxarıb, dünyaya göstərə biləcəyik. Bizim universitetlərimiz , xüsusən də Azərbaycan Texniki Universitetini də, bu kimi reytinq cədvəllərində görəcəyik”.

Qeyd edək ki, Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu tədris ili üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib. Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib. İlk yerlərdə isə 16 ABŞ universiteti qərarlaşıb.