Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-28 11:30:48
Cümhuriyyətin aça bilmədiyi iki universitet – Səbəblər və ağrılar  

Bu gün Azərbaycan tarixinin şanlı səhifəsi  - Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ili tamam oldu.

Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC hökuməti bir çox sahələrdə xeyli dəyərli işlər gördü. Amma təbii ki, bütün bunlar nəzərdə tutulan, planlaşdırılan işlərin yalnız cüzi hissəsi idi.

Amansız istila Cümhuriyyət fədailərinin görəcəkləri xeyli işlərin qarşısına sədd çəkdi.

Bu sədd özünü təhsil sahəsində də göstərir. ADR hökuməti  təəssüf ki, yalnız bir universitetin təməlini qoya bildi – Azərbaycan Dövlət Universiteti (indiki BDU).

Amma gələcək üçün başqa ali məktəblərin də açılacağı nəzərdə tutulmuşdu.

Təhsil eksperti,  tarixçi Kamran Əsədov AzEdu.az-a açıqlamasında bu barədə ətraflı danışıb:

“Xalq Cümhuriyyəti qurulandan cəmi bir ay sonra Xalq Maarifi Nazirliyi yaradıldı. Çox keçmədi, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb - Əkinçilik İnstitutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı.

Cümhuriyyət elan olunmasından cəmi 6 ay sonra təhsildə artıq inanılmaz məsafə qət edilmişdi - 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına (həm də məhz dövlət hesabına!) 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

1919-20-ci tədris ilində dünyanın, ən əsası da Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi, bunun üçün hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı.

O tələbələrin xərclərini üzərinə götürməklə kifayətlənməyən Cümhuriyyət böyükləri hər tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-üz dəsmalı, 6 ədəd yaylıq... verilməsini də qərara bağlamışdılar.

Həmin tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər. Amma olmadı. Məlum səbəbdən - işğal üzündən”.