Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 17:58:00
Yeni “Qaydalar” dərsliklərin təkmilləşdirilməsində nəzərəçarpacaq rol oynaya bilər- Nadir İsrafilov

 

 Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu əsas meyarlardan biridir.

 

Məlum olduğu kimi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu şərtləndirən keyfiyyətlilik prinsipidir. Bu prinsipin həyata keçirilməsinin təmin edilməsində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin rolunun danılmaz olduğu yəqin ki, çoxlarına məlum olmamış deyil. Dərsliklərin nəşri və çap işləri hələ 2002-ci ildə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.

                                                                             

Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır. Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir.

 

Başqa cür ola da bilməz çünki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həllı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son on illiklə müqayisədə dərslik siyasətinə fərqli baxış formalaşıb.

 

Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Digər tərəfdən mütamadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s.

 

 Dərslik siyasəti təhsil siyasətinin ayrılmaz tərkib hissəsi olduğundan dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də bu sahəyə məsul olan qurumları məsuliyyətdən azad etmir. O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Nə edək ki, baxmayaraq dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənar çıxma, təhsil qarşısında qoyulan məqsədə və təhsil siyasətimizə zidd olan fakt və bir sıra digər texniki xətalardan xali deyil, valideyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir.

 

Kurikulumlarla bağlı geniş vüsət alan son ictimai müzakirələrdə də əsas əksəriyyət konsepsiyanın gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədiyinin əsas səbəblərindən biri kimi bir daha məhz dərslkləri günahlandırdılar. Hesab edirəm ki, “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli  67 №-li qərarı kurikulumun təkmilləşməsinə öz müsbət təsirini göstərəcəkdir. Hər şeydən əvvəl ona görə ki, qaydalarda nəzərdə tutulan etibarlılıq, dəqiqlik, inkişafyönümlülük, dəyəryönümlülük, tərbiyəyönümlülük, yaş xüsusiyyətlərinə uyğunluq elə kurikulumun da əsas tələblərindən idi.  Biz isə, obyektiv və subyektiv səbəblərdən müəyyən kənarçıxmalara yol verərək,  özümüzü bir qədər də çətin duruma salmış olduq...

 

Artıq, ümumtəhsil məktəbləri üçün hazırlanacaq dərsliklərə Təhsil Nazirliyinin nəzarəti daha da güclənəcək, ümumi təhsil müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində isə pedaqoji şura tərəfindən qəbul ediləcək.

Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir.  Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçiriliəcək. Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edə bilər. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb ediləcək.

 

Qiymətləndirmə zamanı dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu,  dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi kimi meyarlar əsas götürüləcək və s.



Hesab edirəm ki,  yeni “Qaydalar” dərslik sahəsində olan müəyyən  boşluqların aradan qaldırılmasında nəzərəçarpacaq rol oynamaqla yanaşı həm də,  dərsliklərin,  dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təhsil proqramına (kurikuluma) uyğunluğunun təmin edilməsinə yardımçı olacaq. Əlbəttə, təhsilə verilən yeni tələblər “Qaydalar”ın da davamlı olaraq təkmilləşməsi və yeniləşməsi zərurəti yaradacaq...

Nadir İsrafilov, təhsil eksperti