Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 10:02:00
Abituriyentlərə orucluq çağırışı: “Beyin bilmir, mədəylə məşğul olsun, yoxsa sualla”

Bu gün Ramazan ayının ikinci günüdür. Bu ayda müsəlmanlar oruc tutur, Allaha ibadət edirlər. Dualarının qəbul olması diləyilə niyyət edib oruc tutanların siyahısında abituriyentlər də var. Hətta qəbul imtahanı günü də oruc tutaraq imtahana gedən şagirdlərə rast gəlinir. Mütəxəssislər isə bu addımı heç də birmənalı qarşılamır və valideynləri daha diqqətli olmağa çağırırlar.

Tibb üzrə ekspert, professor Adil Qeybulla AzEdu.az-a açıqlaması zamanı bildirib ki, onların oruc tutması yolverilməzdir:

“Abituriyentlər intellektual işlə məşğuldurlar, bu səbəbdən də çox yorulurlar. Onların oruc tutması məqsədəuyğun deyil. Son zamanlar şagirdlər arasında intihar hadisələri çoxalıb. İradə və psixologiyası zəif uşaqlar arasında müəyyən işlər aparılmalıdır. Hər il bir neçə belə epizodun şahidi oluruq. Valideynlər uşaqların üstünə çox getməməlidirlər”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Elxan Nəcəfovun sözlərinə görə, abituriyentlərin xüsusilə imtahan günü oruc tutması bir sıra problemlərə gətirib çıxara bilər:

“Ac mədə beynin fəaliyyətinə mənfi təsir göstərir. Beyin bilmir mədə ilə bağlı olan məsələləri nizamlasın, yoxsa qarşıdakı sualın həllini tapmağa kömək eləsin. Şagirdin səhhətində susuzluq, təzyiqlə bağlı və ya digər problemlər üzə çıxa bilər. Ona görə də abituriyentlərə imtahana oruc tutub getmələrini qəti şəkildə tövsiyə etmirəm”.

Psixoloq Vəfa Əkbər oruc tutaraq özünü mənəvi cəhətdən imtahana hazırlayan şagirdlərə səslənərək, bunun heç bir fayda verməyəcəyini vurğulayıb:

“Abituriyentlər oruc tutmağı inanclara bağlayırlar. Fikirləşirlər ki, əgər oruc tutsam, il boyu oxumadığım materiallardan düşən sualları bu yolla cavablandıra biləcəm. Başa düşmürlər ki, hazırkı vəziyyətdə onların beyinləri daha çox qidalanmalı və dincəlməlidir. Təkrarlara daha çox diqqət ayrılmalıdır. Bunun üçün də enerji sərf olunur. Enerji təmin olunmadıqda isə bu şagirdin psixoloji cəhətdən daha həyəcanlı olmasına gətirib çıxarır. Nəticə daha bərbad olur. Diqqət imtahanda olmalı olsa da, onların fikirləri orucda  qalır və bu kimi fikirlər onu hədəfdən uzaqlaşdırır” .

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları