Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 13:52:00
Türkiyənin qəbul imtahan sistemindən nəyi nümunə götürməliyik?

Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssis kimi yetişməsini təmin edir.

AzEdu.az Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayına istinadla bildirir ki, Türkiyə Respublikası 1923-cü ildə qurulan zaman təhsil sistemində Almaniyanı özünə model seçərək öz təhsil sistemində bəzi dəyişikliklər etdi.

Məlumata əsasən, Türkiyədə 1974-cü ilə qədər universitetlər tələbələrini özləri qəbul edirdi.

Ölkədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmələr müşahidə edilirdi. 1974-cü ildə bu qarışıqlığın qarşısını almaq üçün imtahanların vahid mərkəzdən aparılması qərarı verildi. Bu tarixdə Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) yaradıldı və təşkilati işləri yerinə yetirməyə başladı. Bu mərkəz 1981-ci ilə qədər fəaliyyətini davam etdirdi. 1974-cü və 1975-ci illərdə universitet imtahanları iki seansda olmaqla səhər və günorta, 1976-1980-ci illərdə eyni gündə və mərkəzləşdirilmiş şəkildə, 1981-ci ildən etibarən isə ikipilləli imtahan sistemi tətbiq edildi. Eyni zamanda, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Türkiyə Respublikası Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. İkimərhələli imtahanın birincisi apreldə (ÖSS), ikincisinin isə iyun ayında (ÖYS) keçirilməsinə qərar verildi. 1987-ci ildə ixtisasa görə lazımi testlərin cavablandırılması sisteminin tətbiqinə başlanıldı. 1999-cu ildə ÖYS ləğv olundu və ÖSS adı altında vahid imtahana çevrildi. Elə həmin il OBP (Ortaöğretim Başarı Puanı) tətbiqi ilə lisey sahəsinə görə tələbələrə ali təhsil almaq hüququ verildi. Bundan sonra sistemə bir çox kiçik düzəlişlər edildi. Ancaq sonuncu və ən əhəmiyyətli dəyişiklik 2006-cı ildə iki hissədən ibarət olmaqla vahid imtahan sisteminə keçid oldu. Bu dəyişiklik nəticəsində namizədlər ümumi və sahə üzrə testlərə cavab vermək hüququ əldə etdilər.

Türkiyədə ali təhsil almaq üçün 2 əsas nəticəyə diqqət yetirilir:

1) SAT – riyaziyyat (ingilis dilində) və ingilis dili.

Hər 2 aydan bir rəsmi imtahan keçirilir.

2) YÖS – məntiq və riyaziyyat. İmtahana qeydiyyat yanvar-mart aylarında aparılır. İmtahan, adətən, aprel-may aylarında, 80-100 sualdan ibarət olmaqla keçirilir. Tibb üzrə qəbul olmaq üçün 90-dan, hüquq və mühəndislik ixtisaslarına qəbul olmaq üçün 80-dən yuxarı bal toplamaq lazımdır.

Hazırda ölkənin ali təhsil müəssisələri sırasında universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 118-i dövlət, 65-i özəl olmaqla 183 universitet fəaliyyət göstərir.

Məlumata əsasən, 1974-cü ildən etibarən həyata keçirilən dəyişikliklər köklü problemləri həll edə bilmədi. Universitetlər qəbul imtahanlarının daha dəqiq və qərəzsiz olması üçün dəyişikliklərə məruz qalır, lakin hər dəyişiklik yeni ehtiyacları və nəzərdə tutulmayan müxtəlif problemləri üzə çıxarır.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları