Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 13:29:00
Qəbul imtahanında qanunsuzluq edən şəxsə ömürlük cəza verilir – Sərt tələb  

 

Çində keçirilən imtahanlarda hər hansı  bir aldatma, “şparqalkadan” köçürmə və ya bu cür fırıldaqçı hərəkətlər müəyyən edildikdə bu halları törədənlərə imtahanı yenidən vermək üçün ikinci şans verilmir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında  bildirilib.

Məlumata əsasən,  Çində dövlət imtahanları “Qaokao” adlanır. Ənənəvi olaraq, imtahanlar bütün Çin məktəblərində eyni gündə və eyni saatda keçirilir. Şagirdlərə yalnız ən zəruri əşyaları götürməyə icazə verilir, yəni qələm, karandaş, pozan, xətkeş və pərgar. Digər əşyaları imtahan zalına keçirmək qadağandır. Hətta şüşə qablarda içməli suyun da imtahan zalına keçirilməsinə icazə verilmir. İmtahan otaqlarında detektorlar, kameralar, mobil siqnalları dəf edən qurğular yerləşdirilir. İmtahanların gedişatını məktəb müəllimləri müşahidə edə bilmirlər, onları kənardan dəvət olunmuş müəllimlər əvəz edirlər. Bundan əlavə, imtahanları təhsil idarəsindən olan əməkdaşlar və digər rəsmi şəxslər izləyirlər. İmtahanlar iki gün davam edir. Birinci günün ilk yarısı ədəbiyyat və çin dili, günortadan sonra isə xarici dil və riyaziyyat üzrə verilən sualların cavablandırılmasına 2,5 saat vaxt ayrılır. İkinci gündə isə daha bir icbari fənn, habelə ali təhsil müəssisəsinin tələbəsi tərəfindən seçilmiş fənlərdən biri üzrə imtahan verilir. Nəticələr yalnız kompüter tərəfindən yoxlanılır və müəyyən edilir. Bu, insan amilini aradan qaldırmaq üçün edilir. Çində keçirilən imtahanlarda ən diqqət çəkən məqam ondan ibarətdir ki, hər hansı bir aldatma, “şparqalkadan” köçürmə və ya bu cür fırıldaqçı hərəkətlər müəyyən edildikdə bu halları törədənlərə imtahanı yenidən vermək üçün ikinci şans verilmir. Ali təhsil müəssisəsinə pul bahasına daxil olmaq məsələsi yaxına da buraxılmır.

Qeyd edək ki, bütün imtahan biletlərinin məxfi saxlanılması üçün Çin hökuməti tərəfindən büdcədən xüsusi vəsait də ayrılır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları