Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 12:30:00
Universitetlərin nüfuzunu göstərən 8 əsas MEYAR - Azərbaycan ali təhsil müəssisələrində vəziyyət necədir?

Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur.

Xaricdə təhsil ilə maraqlanan hər kəs adətən təhsil alacağı universitetin beynəlxalq reytinqini də nəzərdən qaçırmır.

Hər il İngiltərənin “Times Higher Education” (THE) və Çinin “Shanghai Ranking”  adlı şirkətləri dünya universitetlərinin reytinq cədvəlini müəyyən edirlər. Hər iki şirkət özlərinin əsas götürdüyü meyarlara uyğun gələn universitetlərin reytinqini açıqlayır.

Bəs bu  təşkilatlar reytinq cədvəlini hazırladığı zaman hansı göstəriciləri əsas götürürlər? Nəyə görə Azərbaycan universitetləri həmin reytinqlərin ön sıralarında yer tutmağa həsrətdir?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

Universitetlərin beynəlxalq reytinqləri dünyanın müxtəlif ölkələrində olan ali təhsilin müqayisəsi üçün əsas meyarlardan biridir. Qlobal dünyanın ali təhsil sistemləri qarşısında qoyduğu mühüm şərtlərdən biri  universitetlərin çevik təşəbbüslərlə çıxış etməsidir.

“Times Higher Education” (THE) və Çinin “Shanghai Ranking” beynəlxalq reytinq agentliklərinin ekspertləri universitetlərin reytinqlərini müəyyən edərkən aşağıdakı əsas meyarlara diqqət yetirir.

Universitetdə məşhur professorların və nobel mükafatı laureatlarının sayı;

Müəllimlərin nitqindən gətirilən sitatların statistikası;

Universitetdə əcnəbi tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik;

İşəgötürənlərin rəyi və məzunların karyera potensialı;

Tədris;

Tədqiqat fəaliyyəti;

Məzunların işlə təmin edilməsi;

Akademik reputasiya.

Onu da qeyd edək ki, dünya universitetlərin  reytinq cədvəlində yer almaq üçün universitet ən azı iki geniş sahədə   bakalavr və magistr proqramlarını tədris etməlidir.  

İstər “Times Higher Education” (THE) istərsə də və Çinin “Shanghai Ranking” reytinq platformasında hər il ABŞ və Böyük Britaniya Universitetləri liderliyi qoruyub saxlayır.

“Times Higher Education”   universitetlərin dünya reytinqinin tərtib edilməsi üçün  5 qrupda qruplaşdırılmış  13 göstəricidən  istifadə edilir. Göstəricilərin birinci qrupu  universitetin təhsil  fəaliyyətini xarakterizə edir və beş ayrı-ayrı göstəricidən ibarətdir. Göstəricilərin bu qrupuna keçirilmiş qlobal reputasiya sorğusunun nəticələrinə görə universitetin akademik reputasiyası daxil olur. Universitetin inteqral qiymətləndirilməsində onun çəkisi 15%-ə bərabərdir. İkinci qrupa aid göstəricilər   universitetin elmi-tədqiqat fəaliyyətini xarakterizə edir. Ona üç ayrı göstərici daxildir, onlardan biri reputasiya sorğusunun (18%) nəticəsidir və digərləri obyektiv yolla əldə olunan 2 (hər biri 6%)  göstəricidir.   Universitetin növbəti 30% inteqral qiymətləndirməsi “Field Weighted Citations Impact”ı adlandırılan göstəriciyə -  universitet əməkdaşlarının elmi nəşrlərindən sitatgətirilmələrin sayının anoloji  nəşrlər üçün sitat gətirmələrin orta göstəricisinə nisbətinə əsaslanır. Beləliklə, göstəricilərin bu üç qrupuna universitetin  inteqral qiymətləndirilməsinin 90 faizi  düşür.   Qalan 10% universitetin  təhsil  və elmi fəaliyyətinin beynəlmiləlləşməsinin müvəffəqiyyətini xarakterizə edən üç göstəricidən    ibarət qrup, həmçinin kommersiya sektorunun xeyrinə yerinə yetirilmiş (qeyri-dövlət) elmi araşdırmalardan və kəşflərdən əldə olunan gəlirlərin həcmini xarakterizə edən “Industry Income”   göstəricisi arasında bölünür.

“Times Higher Education”  reytinqinin tərtib edilməsi üçün üç məlumat mənbəyindən  istifadə olunur. Onlardan birincisi - reytinqdə iştirak etməyi arzu edən universitetlərin xüsusi olaraq yaradılmış portal vasitəsilə özlərinin verdikləri məlumatlardır. Bu məlumatlar  “Times Higher Education”nun  mütəxəssisləri tərəfindən təkrar yoxlanılır. İkinci məlumat mənbəyi  “Elsevier” şirkətinin “Scopus” bibliometrik verilənlər bazasıdır.  Üçüncü məlumat mənbəyi - “Times Higher Education Academic Reputation Survey”in qlobal reputasiya sorğusunun nəticələridir ki,  hər il bütün dünyadan ən azı 10000 alim iştirak edir.

Onu da qeyd edək ki, “Times Higher Education”  hazırda müstəqil auditor şirkətləri tərəfindən tam audit aparılan yeganə  universitet reytinqidir.

“Times Higher Education” ilk dəfə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM-lər) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edərək “THE University Impact Rankings 2019” reytinq cədvəlini nəşr edib.

2019-cu ildə nəşr edilən bu yeni reytinq cədvəlinə Azərbaycandan yeganə ali məktəb – Xəzər Universiteti daxil edilib. Xəzər universiteti “Təhsilin keyfiyyəti” üzrə “301+”,  “Sənaye, innovasiya və infrastruktur” üzrə isə 201-300-cü sırada qərarlaşıb. “Times Higher Education”in tarixində ilk dəfə Azərbaycandan bir universitet reytinq siyahısına daxil edilib. Reytinqin ilk nəşrinə 76 ölkədən 462 universitet salınıb.

Çinin "Shanghai Ranking" reytinqi universitetlərin akademik uğurlarının qiymətləndirilməsi sahəsində ən etibarlı vasitələrdən biri hesab olunur.  Şanxay reytinqi  2003-cü ildən başlayaraq dünyanın ən yaxşı universitetlərinin siyahısını təşkil edir. Reytinq üçün ən əhəmiyyətli göstəricilər ali məktəblərin Nobel və riyaziyyat üzrə Filds  mükafatı almış məzunlarının və müəllimlərinin sayı, "Nature"  və "Science"  elmi jurnallarında dərc olunmuş məqalələrin sayı və onlara olan istinadlardır. Həmçinin,   "Science Citation Index" – "Expanded" və  "Social Sciences Citation Index"  verilənlər bazasında indeksə olunmuş jurnallarda bir universitet əməkdaşına düşən məqalələrin sayı da əsas götürülür.

Şanxay reytinqinin dünyanın keyfiyyətli təhsil verən nüfuzlu universitetlərinin qlobal sıralamasında  17 ildir ki, fasiləsiz olaraq  Harvard Universiteti başçılıq edir.  Reytinqin ön sıralarında əsasən ABŞ və Böyük Britaniya universitetləri yer alır.

Təəssüf hissi ilə qeyd edək ki, beynəlxalq universitetlərin reytinq cədvəlində Azərbaycan universitetləri ya yer almır ya da ki, ən aşağı sıralarda olurlar.

Bəs nəyə görə Azərbaycan universitetləri həmin reytinqlərin ön sıralarında yer tutmağa həsrətdir?

“Yüksək balla abituriyentləri qəbul edən Azərbaycan ali təhsil müəssisələri universitetlərin beynəlxalq reytinq  cədvəlinə salına bilər”

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev universitetlərin reytinq cədvəli hazırlandığı zaman hansı göstəricilərin əsas götürüldüyü məsələsinə toxunub:

“Hər bir beynəlxalq reytinq cədvəlinin öz tələbləri var. Xarici universitetlərin beynəlxalq reytinq cədvəli müxtəlif şirkətlər tərəfindən həyata keçirilir. Universitetlərin beynəlxalq reytinq cədvəli müəyyənləşdirildiyi zaman universitetdə yüksək nəticəli tələbələrin təhsil almasına diqqət edilir. Çünki ola bilər ki, universitetdə təhsil alan tələbələrin sayı çoxdur. Amma həmin tələbələrin göstəriciləri zəifdir. Belə olduğu halda ali təhsil müəssisələri beynəlxalq reytinq cədvəlinə düşə bilməz. Həmçinin, universitetlərdə xaricdən gəlmiş yüksək  göstəricili tələbələr də təhsil almalıdırlar. Məsələn, ola bilər ki, universitet ayrılan xarici tələbə sayının çoxaltmaq üçün  yalnız Pakistan və Suriyadan  təhsil alanları qəbul etsin. Amma bu proses universitetlərin beynəlxalq reytinqi üçün mənfi nəticə göstərə bilər.Çünki reytinq üçün əsas göstəricilərdən biri odur ki, universitetdə dünyanın bir çox ölkəsindən gələn tələbələr təhsil alsın. Onu da bildirim ki, universitetlərin beynəlxalq reytinqi müəyyən edilərkən tələbələrin aldıqları təqaüdə də diqqət edilir.  Yəni universitet hansı şərtlərə görə tələbələrə təqaüd verir. Universitetlərin beynəlxalq reytinqi müəyyən edildiyi zaman  professor dərəcəsinə də diqqət edilir. Həmçinin universitetlərin beynəlxalq reytinqi zamanı ali təhsil müəssisələrinin kitabxana və kampusuna da fikir verilir”.

 “Azərbaycan universitetlərində araşdırma mərkəzləri çox zəifdir”

Həsən Əliyev Azərbaycan universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməmə səbəblərindən də söz açıb:

“Azərbaycanda tələbələr təhsil aldıqları universitetdən yetərincə razı deyil. Amma yüksək balla abituriyentləri qəbul edən Azərbaycan ali təhsil müəssisələri universitetlərin beynəlxalq reytinq  cədvəlinə salına bilər. Belə universitetlər isə Azərbaycanda azdır.  Onu da bildirim ki, Azərbaycan universitetlərinin araşdırma mərkəzləri zəif işləyir. Universitetlərimizin araşdırma mərkəzləri beynəlxalq layihələrdə az iştirak edir.Həmçinin universitetlərimizin araşdırma mərkəzi xarici qurumlarla əməkdaşlıqları zəifdir. Onu da bildirim ki, Azərbaycan “exchange”proqramı  ilə təhsil alan xarici tələbələri sayı çox azdır. Həmçinin, Azərbaycan universitetlərinin araşdırma mərkəzləri zəif işləyir.  Xarici qurumlarla zəif  əməkdaşlıq edirlər”.

“Xarici universitetlərin beynəlxalq reytinq cədvəlində şəffaflıq olmur”

Xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev düşünür ki, xarici universitetlərin beynəlxalq reytinq cədvəlinin tərtibi siyasi xarakter daşıyır:

“Universitetlərinin beynəlxalq reytinq cədvəli açıqlandığı zaman çox vaxt reallığı əks etdirmir. Bu kimi reytinq cədvəllərində şəffaflıq olmur. Dünya universitetlərin reytinq cədvəli çox zaman siyasi xarakter daşıyır. Onu  da bildirim ki, dünya universitetlərin reytinq cədvəli müyyənləşdirildiyi zaman ali təhsil müəssisələrin keyfiyyəti də nəzərə alınır. Amma reytinq cədvəlinin ilk onluğunda yer tutan universitetlər çox zaman siyasi xarakterli olur. Dəfələrlə müşahidə etmişik ki, Türkiyənin nüfuzlu universitetləri reytinq sıralamasında olmadığı halda Ukraynanın Kiyev Dövlət Universiteti bu siyahıda yer alır”.

Nəzərbəy Hacıağayev Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəlinə düşməmə səbəblərini də açıqlayıb:

“Etiraf edək ki,  elmi və maddi texniki bazasına görə dünya  universitetlərin beynəlxalq reytinq tələblərinə cavab verən ali təhsil müəssisəmiz yoxdur.  ADA Universiteti və Bakı Ali Neft Məktəbi reytinqli universitetlərlə ayaqlaşan gücdədir. Yaxın zamanlarda onları nüfuzlu universitetlərin siyahılarında görə bilərik. Bu kimi sıyahılara düşmək üçün digər universitetlərimizin fəaliyyəti hələki   qəanətbəxş deyil. Burada ölkəyə gələn tələbə axınını da nəzərə almalıyıq. Ölkəmizin təhsilinin xarici dövlətlərdə təbliği nəticəsində Azərbaycana əcnəbi tələbə axını olacaq. Bununla da universitetlərimiz ciddi inkişaf etmək planlarını həyata keçirəcək. Sonda isə inkişaf edən universitetlərimiz beynəlxalq universitetlərin reytinq cədvəlində ön sıralarda yer tapa biləcək”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları