Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 17:00:00
Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Bu gün  Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, bağlanış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.

Nazir bundan əlavə, iştirakçılara gələcək həyat və təhsillərin də uğurlar arzulayıb:

"Hər bir gənc dünyanı dəyişmək daha yaxşı etmək imkanına malikdir. Azərbaycan isə  multikultural dəyərlərə sadiq ölkədir. Əminəm ki, Azərbaycan mədəniyyəti, musiqi və mətbəxi ilə tanış olmaq  imkanı əldə etdiniz. Ölkəmizdə multikulturalizm hökm sürür".

Nazir qeyd edib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası ölkəmizdə İT sənayesinin inkişafına töhfə verəcək:

"Təhsil Nazirliyi olaraq da informasiya texnologiyalarının tədrisinə önəm veririk". 

İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran nazir ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən də  söz açıb.

Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları