Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 16:19:00
“0” bal toplayan dövlətlər, ölkəmizin  gözlə görülməyən qazancı –BİO-nun geniş icmalı

Azərbaycanda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası artıq yekunlaşıb. Yarışın yekun nəticələrin rəsmi olaraq avqustun 9-da elan edilməsi nəzərdə tutulub. Amma sistem müsabiqə nəticələrini addımbaaddım izlədiyinə görə, qaliblər artıq məlumdur.

Bəs, yarışın nəticələri verilən əməyi nə dərəcədə əks etdirdi? Ümumiyyətlə, Azərbaycan təhsilinin BİO-dan qazancı nə oldu?

AzEdu.az xəbər verir ki, informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab edilən Beynəlxalq İnformatika Olimpiadası 1989-cu ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. İlk BİO YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə Bolqarıstanın Pravets şəhərində baş tutub. Həmin yarışa cəmi 13 ölkə qatılıb.

30 il sonra Bakıda ilk dəfə təşkil edilən, sayca 31-ci  Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün isə milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu, BİO tarixində rekord göstəricidir.

Azərbaycana gələn ən güclü “beyin”lər

Beynəlxalq olimpiadanın nəticələri həm də müxtəlif ölkə nümayəndələrinin intellektuallıq dərəcəsi, müxtəlif  dövlətlərin təhsilləri barədə də ilkin rəy formalaşdırıb. Məsələn, yarışda I yeri Amerikanı təmsil edən Çin əsilli şagird, II yeri Rusiyanı təmsil edən Tatar əsilli məktəbli tutub. III yeri Kanadanı təmsil edən çinli şagird qazanıb. Çin özü isə IV və V yerlərdə qərarlaşa bilib. Əslən Çindən olan məktəblilərin İnformasiya Texnologiyaları sahəsində bacarıqları müxtəlif xalqların intellekt göstəriciləri arasındakı coğrafi fərqi aşkara çıxarıb.

Müsabiqənin gedişatı boyunca Amerikanı təmsil edən Benjamin Qi liderlik edib. Onun yarışmanın I turunda maksimal 300 balı toplaması buna əsas verib. Hələ II tur həyata keçirilməmiş Amerikanın qızıl medal gözləntiləri bəlli idi. Yarışma gedişində müəyyən müddətlərdə Kanada, rəqibi Amerikanı üstələsə də, Benjamin birinciliyi təmsil etdiyi komandanın əlində saxlaya bilib. O, 547.09 balla birincik qazanıb.

II yerin tutan Rusiya təmsilçisi ümumilikdə 511.22, III yerin sahibi Kanada isə 494.33 bal toplayıb.

Tayvan, İran, Fransa, Avstraliya, Sinqapur, Ukrayna, Gürcüstan da yüksək göstəricilərinə görə fərqlənən ölkələr arasındadırlar.

Ölkəsini öz vətənlərində təmsil edənlərin  göstəriciləri

Nəticələrə əsasən, Azərbaycanı təmsil edən Murad Eynizadə ümumilikdə 232 balla 177-ci yer, Abutalıb Namazov 232 balla 179-cu,  Fərhad Əzimov 164 balla 246-cı, İbrahim Tağızadə isə 122 balla 279-cu yerdə qərarlaşıb. 

Murad Eynizadə həmvətəni Abutalıb Namzovu bir neçə faizlə qabaqlayıb.Onlar rəqibləri Danimarka və Belçikadan çox az balla geri qalıblar.

I turda Abutalıb Namzov 135, Murad Eynizadə 121,       Fərhad Əzimov 89, İbrahim Tağızadə 65 bal toplayıb.

Müsabiqənin qaydalarına görə, iştirakçıların yarısı medal qazanır. Yarışda 325 məktəblinin iştirak etdiyini nəzərə alsaq, medalı kiçik fərqlə itirdiyimizi demək olar. Amma daha dəqiqi yaxın vaxtda rəsmi nəticələr elan olunduqda məlum olacaq.

Amma əvvəlki illərdə keçirilən Beynəlxalq İnformatika Olimpiadaları ilə müqayisədə bu il rəqabətin daha yüksək olduğunu, müsbaiqənin çox gərgin keçdiyi də qeyd etmək lazımdır. Çünki budəfəki yarışda milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspert iştirak edib. Nəticələr isə tək bir şagirdin deyil, ölkənin onun üçün sərf etdiyi potensialın, sistemin və bütöv bir gücün göstəricisi hesab oluna bilər.

Xatırladaq ki, beynəlxalq yarışda indiyə qədər 24 dəfə təmsil olunan Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Yarışın “ən zəif bənd”ləri

Yarışın onlayn sistemdə qeyd olunan nəticələrindən məlum olur ki, çox zəif nəticə göstərən ölkələr də olub. Məsələn, onlayn sistemdə Türkmənistan, Özbəkistan, Fələstin təmsilçilərinin qarşısında “0” bal qeyd edilib. Bundan əlavə, El Salvador, İspaniya, Lüksemburq, Vensuela, Bolqarıstan təmsilçiləri də zəif nəticələri ilə yadda qalıblar.

Amma bu olimpiadada iştirak üçün müəyyən şərtlərin mövcudluğunu və iştirakçıların həmin tələbləri ödədiklərini nəzərə alsaq, aydın olar ki, müsabiqəyə qatılan hər hansı məktəblini zəif adlandırmaq ədalətsizlik olardı. Çünki ölkə təmsilçiləri İnformatika üzrə milli olimpiadaların qalibləri, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdlərdirlər. Üstəlik, beynəlxalq olimpiada sualları respublika fənn olimpiadalarından xüsusi çətinliyi ilə fərqlənir. BİO suallarını cavablamaq üçün isə yalnız riyazi bacarıqlar yetərli deyil. Bunun üçün riyazi məsələlərin proqram həllərini bilmək də mütləqdir.

Azərbaycan “beyin”lərin gərgin mübarizəsindən nə qazandı?

Mütəxəssislər hesab edirlər ki, nüfuzlu beynəlxalq yarışın Azərbaycanda keçirilməsi ölkə təhsilinin dünya təhsil arenasına inteqrasiyasına imkan yaradacaq. Olimpiadanın açılış və bağlanış mərasimlərinin ssenarisi isə milli və mənəvi dəyərlərimizin təbliğində mühüm vasitə hesab edilə bilər.

Xatırladaq ki, olimpiada iştirakçıları üçün əyləncə zonası, müxtəlif tədbirlər, maraqlı asudə proqram təşkil edilib. Məsələn, mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib. İştirakçılar, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Bir sözlə, bu olimpiada bütün ölkələr üçün öz “beyin”lərini sərgiləməyə şərait yaratsa da, Azərbaycan mədəni, milli – mənəvi dəyərlərini, tarixini tanıtmaq fürsəti əldə edib.

Təmsilçilərimizin isə olimpiadada iştirak üçün xeyli zehni əmək tələb edən yol qət etdiklərini nəzərə alsaq, hələ çox medallar qazanacaqlarına inanırıq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları