Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 14:56:00
“BİO təmsilçilərimizin nəticələri kimsəni məyus etməsin” –Etibar Əliyevdən sərt tənqid

31-ci Beynəlxalq İnformatika Olimpiadasının nəticələrinin rəsmi olaraq avqustun 9-da elan edilməsi nəzərdə tutulub. Amma sistem müsabiqə nəticələrini addımbaaddım izlədiyinə görə, qaliblər artıq məlumdur.

Nəticələrə görə, Azərbaycanı təmsil edən Murad Eynizadə 232 balla 177-ci, Abutalıb Namazov 232 balla 179-cu,  Fərhad Əzimov 164 balla 246-cı, İbrahim Tağızadə isə 122 balla 279-cu yerdə qərarlaşıb. 

Ölkəmizi təmsil edən məktəblilərin nəticələri media və sosial şəbəkələrdə müzakirə mövzusu olub.

AzEdu.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev də şəxsi feysbuk hesabında bu beynəlxalq yarışın nəticələrinə münasibət bildirib. O, yazısında yüksək bal toplayan ölkələrin hazırlıq metodlarına toxunub. Qeyd edib ki, ölkəmizi olipiadada təmsil edən Abutalıb Namazov və Murad Eynizadənin nəticələri kimsəni məyus etməməlidir:

“Məktəblilərimiz bütün potensiallarını ortaya qoyaraq 232 bal topladılar. Yuxarı nəticə göstərən Amerika, Rusiya, İran, Gürcüstan, Çin şagirdlərinin istedadlarını ölkələrindəki orta məktəblər və əsasən universitetlər tamamladı. Bizim şagirdlər Fizika Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində yeni yaradılan Olimpiada Mərkəzinin yetirmələridirlər.

Vaxtilə tətbiqi riyaziyyat və kibernetika sahələrində böyük alimlərimiz olub. Cəlal Allahverdiyevin və Mirabbas Qasımovun adlarını çəkmək olar. Onlar məktəb yarada bilmədilər. Xəzər Universitetini rektoru professor Hamlet İsaxanlı, AMEA-nın müxbir üzvləri, Pedaqoji Universitetin 10 il rektoru olmuş Yusif Məmmədov və 15 il təhsil naziri postunu tutmuş Misir Mərdanov riyaziyyatçı professorlardır. Amma onların Riyaziyyat və İnformatika üzrə olimpiadalarda iştirak edən şagirdlərimizə verdikləri töhfə sıfıra bərabərdir. Adlarını çəkdiyim bu insanlar hətta öz vəsaitləri hesabına, ölkəmiz naminə məktəb yarada bilərdilər. Təəssüf, bizdə belə təəssübkeşlik yoxdur”.

Ekspert bunlara baxmayaraq, dünyada şəbəkələşmiş Olimpiada hərəkatına qarşı dayanan şagirdlərimizi nəticələrinə görə təbrik edib. Gələcək bilik yarışlarında onlara uğurlar arzulayıb:

“Son olaraq bu işlə maraqlanan şəxslərin diqqətinə bir məqamı çatdırmaq istəyirəm: Belə mürəkkəb bilik yarışlarında qazanılan uğurlar ailələrin və 1-2 fədakar müəllimin zəhməti hesabınadır”.

Qeyd edək ki, yarışda I yeri Amerikanı təmsil edən Çin əsilli şagird, II yeri Rusiyanı təmsil edən Tatar əsilli məktəbli tutub. III yeri Kanadanı təmsil edən çinli şagird qazanıb. Çin özü isə IV və V yerlərdə qərarlaşıb.

Nəticələrə görə, I yerin sahibi 547.09, II yerin sahibi 511.22, III yerin  sahibi isə 494.33 bal toplayıb. I yeri tutan Amerika komandasının üzvü Benjaçin Qİ I turda maksimal 300 balı toplamışdı. Rusiyanı təmsil edən Eldar Gainullin I turda 264, Kanadanı təmsil edən Zixiang Zhou isə 240 bal toplamışdı.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları