Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 09:43:00
Təhsilin gələcək taleyinə təsir edəcək qərarlar, səs-küylü rektor təyinatları – Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb

Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək.

Direktorların işə qəbulu üzrə imtahan yekunlaşıb

 Ötən həftədə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin olunub

Ötən gün Prezident İlham Əliyev  Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib

Prezident  İlham Əliyev  Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib

Azərbaycanda yeni ixtisas üzrə magistr hazırlanacaq

Azərbaycanda yeni bir ixtisas üzrə magistratura səviyyəsində kadrların hazırlığı həyata keçiriləcək.

Məlumata görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların ...(ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Bu dəyişikliyə görə, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Magistratura səviyyəsi üzrə” bölməsinə yeni ixtisas- Sərhəd təhlükəsizliyi və idarəetmə əlavə edilib.

Nümunəvi tədris planları təsdiq olunub

Geridə buraxdığımız günlərdə Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Ümumi təhsil müəssisəsinin idarə olunmasına dair yeni meyar müəyyən edilir

Bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.

Sənədə əsasən, müəssisənin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunacaq.

Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 2010-cu il 3 iyun tarixli qərarına əsasən, ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.

 Ötən həftədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda 2019-cu ilin birinci yarısının yekunları, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.

 112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.

 Həftənin təhsil informasiyaları

Ötən həftədə magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 814 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 456 nəfər (o cümlədən 43 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

  2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu ötən illərdə olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Peşə təhsil müəssisəsinə qəbulun müsahibə mərhələsi başlayıb

Geridə buraxdığımız günlərdə Koreya standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə qəbul prosesinin müsahibə mərhələsi başlayıb.

Müsahibədə yalnız 9-25 iyul tarixlərində qeydiyyatdan keçən namizədlər iştirak edə bilərlər.

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Ötən həftədə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

 İki minədək uşaq məktəbəqədər təhsilə cəlb olunub

Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsi həyata keçirilib.

Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb.

İcma əsaslı məktəbəqədər təhsil layihəsinin meneceri İlahə Rəsulova institutun bu  sahədə  fəaliyyəti istiqamətində  görülən işlər  və qazanılan nailiyyətlər barədə  məlumat verib. Bildirib ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. 

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

21-30 iyul 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq kimya olimpiadası (IChO) keçirilib.

Bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək uğura imza atıblar. Belə ki,  Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

Günel Yaşarqızı
Müəllifin digər yazıları