Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 17:30:00
Müəllimlər və tələbələr arasında keçirilmiş müsabiqə və idman yarışlarının qalibləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalı, Bakı şəhəri ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə yarışlar və ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışları keçirilib.

İyunun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bədii yaradıcılıq müsabiqə-festivalı və idman yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub.

AzEdu.az  xəbər verir ki, tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalının rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin birgə qərarı ilə təşkil olunduğunu bildirib.

Qeyd olunub ki, tədbirin məqsədi tələbələri mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etməkdən ibarətdir.

Müsabiqə-festivalın yekun konsertində 16 ali, 10 orta ixtisas təhsili müəssisəsinin 200-dən çox tələbəsi iştirak edib.

Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışlar ATİAHİ Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə keçirilib. Bu yarışlarda Bakı şəhərinin ümumtəhsil məktəblərindən minə yaxın müəllim idmanın voleybol, şahmat, dama, minifutbol və stolüstü tennis növləri üzrə güclərini sınayıblar.

Ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı isə ATİAHİ Respublika Komitəsi tərəfindən təşkil olunub. Üç mərhələdən ibarət yarışın respublika turunda 65 müəllim iştirak edib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış ediblər.

Sonra qaliblərə kuboklar, diplomlar və hədiyyələr təqdim olunub.