Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 10:09:12
Bu ixtisas qrupu üzrə yay qəbul imtahanları keçirilməyəcək - Abituriyentlərin diqqətinə!  

Mayın 30-dan iyunun 10-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da  iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.

5 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları V ixtisas qrupu və kolleclərə ərizə təqdim edə bilərlər.

Bu bənd abituriyentlər arasında bir sıra sualların ortaya çıxmasına səbəb olub. Bəzi abituriyentlər I-IV  qruplar üzrə keçiriləcək yay qəbul imtahanlarının V ixtisas qrupu üzrə də keçiriləcəyini zənn ediblər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, V ixtisas qrupu üzrə yay qəbul imtahanları keçirilməyəcək. Bu imtahan bir dəfə təşkil olunur. Cari ilin məzunları buraxılış imtahanlarında, əvvəlki ilin məzunları isə 28 apreldə bu imtahanı veriblər.

Sadəcə olaraq 15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlərə ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV və V ixtisas qrupları, eyni zamanda kolleclərə ərizə təqdim edə bilmək şansı verilir.

Məsələn, əgər siz buraxılış imtahanında iştirak edib 15 mart-15 aprel tarixlərində V ixtisas qrupu üzrə qeydiyyatdan keçməmisinizsə, bu zaman tələb olunan balı toplasanız belə V qrup üzrə nə qabiliyyət imtahanına, nə də ixtisas seçiminə buraxılmırsınız. Aktivləşdirilən sistem sizə həmin qrup üzrə yenidən ərizə qəbulunda iştirak etmək şansı yaradır. Bu hal kolleclərə qəbul prosesinə də şamil olunur.

I-IV ixtisas qrupları üzrə həmin tarixlərdə qeydiyyatdan keçməyənlər ərizələrini təsdiq etməklə yay qəbul imtahanlarında iştirak edə bilərlər.

Xatırladaq ki, qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları