Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 16:40:00
Bu imtahanın nəticələri açıqlandı - RƏSMİ

Dövlət İmtahan Mərkəzi mayın 5-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, həmin imtahanın nəticələri elan olunub.

İştirakçılar DİM-in saytına daxil olmaqla və ya iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb.  

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. 

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.