Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 12:03:29
Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

İnstituta imtahan verəndə mənimlə eyni vaxtda adını çəkmək istəmədiyim başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı "şparqalka”ları çıxardı. Sən demə, köçürməyə cəhd edirmiş.

AzEdu.az xəbər verir ki, bu sözləri “Kaspi”nin “Məktəb illəri” rubrikasının qonağı olan millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tələbəlik xatirələri ilə bağlı danışarkən deyib. Millət vəkili deyib ki, buna baxmayaraq, oğlanı otaqdan çıxarmadılar ki, imtahana hazırlaşsın:

“Bir qədər sonra onu sualları cavablandırmaq üçün çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, "2” yazıb salondan çıxardılar. Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı, ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi, "o nazir oğlu, bu da nazir qızı, niyə bu yaxşı cavab verir, o yox” sualını verdi”.

Müəllimlərinin nazir qızına hörmət etməsinə, dərslərində güzəştə getməsinə gəlincə, G.Baxşəliyeva deyir ki, heç vaxt hansısa müəllimdən güzəşt gözləməyib və buna ehtiyacı olmayıb: "Həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi, ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim. Bəzən imtahanqabağı, gecə də yatmırdım və həmişə də "5” alırdım”.

Qeyd edək ki, Gövhər Baxşəliyevanın atası Baxşəli Baxşəliyev 1970-1987-ci illərdə Azərbaycan SSR-in maliyyə naziri, həmçinin Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olub.