Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 11:53:00
Kurikulumdan qaçan müəllimlər, direktor seçimindəki nöqsanlar – Həbib Əlizadənin “Amma və lakin”i

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın növbəti qonağı “Gənc müəllim” layihəsinin rəhbəri Həbib Əlizadədən eşidək:

Həbib bəy, Qarabağ savaşı, iqtisadi və siyasi ağırlıqlardan savayı son 25-30 il ərzində ən böyük itkilərimizdən biri də məhz mədəniyyət və elm adamlarımızın Rusiya, Türkiyə, Avropa və Amerika kimi ölkələrə getməsidir. Bu “beyin axını” Azərbaycan üçün ciddi travmadır, amma və lakin...

Bunun həmin ölkələrdə vətənimizin daha yaxşı tanınmasında rolu oldu. Həmçinin, beləliklə onlar elmdə öz potensiallarından daha yaxşı yararlana bildilər.

-Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar ( MİQ və DQ imtahanları, Direktorların İşə Qəbuluvə s.) gözönündədir.  Bu il MİQ (Müəllimlərin İşə Qəbulu)  imtahanlarında, təxminən, 45 min müəllim iştirak edib, amma və lakin...

müəllimlərin hazırlığı, dünyagörüş səviyyəsi bəzən qaneedici olmur. Psixoloji və pedaqoji biliklər ya azdır, ya da praktiki deyil. Bu da, adətən, ali məktəb dönəmində ki təcrübə əskikliyi ilə bağlıdır.

-Son dövrlərdə Azərbaycanlı gənclərin Türkiyəyə marağı xeyli artıb və güclü axın müşahidə edilir. Əminliklə deyə bilərik ki, dünya ölkələri arasında Azərbaycanın “haqqını tanıyan”, onu Türkiyə qədər müdafiə edən ikinci dövlət də yoxdur, amma və lakin…

Türkiyəyə axın edən insanların heç də hamısı intellektual deyil. “Hansı iş olursa fərq etməz, yetərki bir işdə işləyim” düşüncəsi ilə gedənlər az deyil. Türkiyədən cəmiyyətimizə yayılan təhlükəli cahillik, “fanatik”liyin də təsirləri müşahidə edilir. Üstəlik, Türkiyənin Avropa Birliyinə üzvlüyünün gecikməsi bizim üçün arzuolunan hal deyil.

-Zaman zaman dünya ölkələrinin təhsil sistemində müxtəlif cür korrupsiya və rüşvət halları aşkarlanır. Burada təkcə pul mübadiləsinə deyil, həmçinin son zamanlar yeni trendə çevrilən “tanışlıq mübadiləsi”nə də rast gəlinir. Azərbaycan təhsilində də bu kimi halların qarşısını almaq üçün Təhsil Nazirliyi pedaqoqların işə qəbul qaydalarına ciddi dəyişikliklər edib, amma və lakin…

yenə də, xüsusilə, yerli təhsil idarəçilərinin, direktorların seçimində belə hallar mövcuddur.

-Müsəlmanların bugünkü vəziyyəti ilə bağlı belə bir fikir mövcuddur: onlar   elm və təhsildə geri qalıblar. Avropa əsrlər boyu dünya şöhrətli alimlər yetişdirsə də, müsəlman dünyasının elmə töhfəsi Avropa ilə müqayisə olunacaq qədər çox deyil. Amma və lakin…

İslam dünyasının bu günü ilə keçmişi heç də eyni deyil. Erkən və orta əsrlərdə müsəlmanların böyük elmi uğurları olub. Lakin İslam dünyasının əsas problemlərdən biri də odur ki, ancaq keçmişi ilə qürur duyur. Bu da hərəkətsizliyin, qeyri-inkişafın göstəricisidir.

-Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Yəni hər gün dövlətimizin dünya birliyinə daxil olması üçün ciddi addımlar atılır. Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də dünya standartlarına uyğun metodlar (boloniya, kurikulumvə s.) tətbiq olunmağa başlayıb, amma və lakin…

Avropa düşüncəli, müasir dünya ya bələd kadrlar hələ də çoxluq təşkil etmir. Onlar bir çox halda ölkəmizə gəlməkdən daha çox, gedirlər. Orta və ali məktəblərdə təhsil işçilərinin çoxu Avropa təhsilini tədris etmək üçün yetərli bilgiyə sahib deyil. Bunun üçün köklü islahat aparılmalıdır. Bunu bəzən, haqlı olaraq, social vəziyyətin pisləşməsi ilə əlaqəndirə bilərlər. Ancaq olmadığı təqdirdə də ölkə təhsili üçün verilmiş qərarlar elə kağızlarda qalır. Necə ki, bir xeyli təhsil işçisi bu gün kurikulum sözünü eşidəndə qıcıqlanır, uzaq qaçır.

-Kurrikulumun əsas məqsədi şagirdləri əzbərçilikdən xilas edib məntiqi təfəkkürə keçidi təmin etməkdir. Artıq cari tədris ilində milli kurrikulum sistemi ilə dərs keçən şagirdlər məzun olacaqlar, amma və lakin…

Ölkədə bir xeyli müəllim nəyinki kurikulumu tətbiq etmək, hətta bu sözü eşitmək belə istəmir. Real vəziyyət belədi ki, məntiqi və tənqidi təfəkkür formalaşdırılması çox aşağı səviyyədədir. Təhsil idarəçiləri düşünməlidir ki, nəyə görə 11 il ərzində Azərbaycan müəllimi tam olaraqkurikulumu qəbul etmir? Əgər sərt kadr islahatı həyata keçirilməsə böyük dəyişiklik gözləməyə də dəyməz. Hazırki vəziyyətdə bir çox şey "gözə kül üfürməkdir". Əgər belə deyilsə, 5 ildir başladılan təhsil islahatı qısa zamanda öz məntiqi sonluğuna çatmalıdır.