XƏBƏRLƏR

08.11.2018 16:14
Həkimlər 21 illik səhvi düzəltdi - Azərbaycanda

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub.

AzEdu.az xəbər verir ki, klinikanın Torakal cərrahı, t.ü.f .d. Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olub.

“Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr almışdır. Lakin  əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqaisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub, onun anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi yanlış xəstəliklərdən müalicə alıb”.

Torakal cərrah A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə  davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: “Ən əsası odur ki, xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmırmış. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Bizim müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: “Xəstənin törəməsi çıxarıldı. Və irinlənmiş ağciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi”.

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır və xəstəmiz mütamadı olaraq kontrol müayinələrə gəlir və hər hansı şikayəti qeyd olunmur.