Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 14:36:00
“Cümhuriyyət dövründə hər hansı məktəbin tikilməsi mümkün deyildi”– Professordan gözlənilməz cavab

Azərbaycan Cümhuriyyəti mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı və uğurlu xidmətləri olub.

AzEdu.az təhsil portalı  Azərbaycan Cümhuriyyəti dövründəki məktəblər, tədris müəssisələri ilə bağlı yazılarını davam etdirir.

Cümhuriyyət dövrünün tədqiqatçılarından Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Anar İsgəndərli AzEdu.az-a danışarkən  bildirib ki, Cümhuriyyətə qədər mövcud olan bəzi məktəblərin binaları hələ də qalır:

“Bilirsiniz, ilk ali məktəb Bakı Dövlət Universiteti (BDU)  olub. Hazırkı İqtisadiyyat Universitetinin əsas  binası BDU-nun ilk binasıdır. Cümhuriyyətə qədər mövcud olmuş Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi indiki Əlyazmalar İnstitutunun binasında fəaliyyət göstərirdi.  O cümlədən, Gəncədə  Azərbaycan ordusu ilə bağlı ilk ibtidai hərbi məktəblər yaradıldı. O məktəblər indi də qalır, hətta şəkilləri də var. Cümhuriyyət dövrünə qədər müəyyən məktəblər olsa da, qısa müddət ərzində həmin məktəblərin binaları tam təmir edilə bilmədi. Buna baxmayaraq, məktəblərin arxiv tədqiqatına ehtiyac var”.

A.İsgəndərli qeyd edib ki, ADR zamanı ayrıca məktəblərin  tikilməsi mümkün deyildi:

“23 ay çox az müddət idi. Onun yarısı hökumətin Tiflisdən Gəncəyə, Gəncədən Bakıya köçmə proseslərinə sərf olundu. Təbii ki, bütün bunlar vaxt aparırdı. ADR zamanı hansısa binanın məktəbə çevrilməsi olub, amma ayrıca məktəblərin  tikilməsi mümkün deyildi. Azərbaycan Parlamentinin qərarlarında  məktəblərin tikilməsi ilə bağlı hissələr mövcud olub. Ancaq ADR nə qədər yaşadı ki?  Hər şey çətin idi, texnika yox idi və.s. 

Məncə, hansısa bina oxşar məktəbə uyğunlaşdırılıb, yəni təhsil müəssisəsinə çevrilib. Lakin Cümhuriyyət vaxtı ayrıca məktəb binası tikilməsi faktına rast gəlməmişəm”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan Cümhuriyyəti dövründən sonra, məktəb binaları dağıdılmırdı, sadəcə ideologiya dəyişdirilirdi:

“Sonrakı mərhələdə BDU-nun, qeyd etdiyim kimi, binası dəyişdirildi.  Ancaq Pedaqoji Universitetinin binası bu gün də tarixi memarlıq abidəsidir. Söhbət orda olan ideologiyanın dəyişilməsindən gedir, binaları dağıtmırdılar. Məsələn, dünənə qədər müstəqillik təbliğ edən məktəb, bu gün SSRİ-ni  təbliğini aparan ali məktəbə çevrilirdi. Yaxud  dünən “Yaşasın müstəqillik!” deyilirdisə, bu gün “Yaşasın Lenin!”. Kim  düşməndir? – Cümhuriyyətin liderləri. Kim qardaşımızdır?- Azərbaycan bolşevikləri ya da Rusiya. Bu mənada SSRİ-nin  məktəblə işləri olmayıb. Amma  Cümhuriyyətdən sonra tədrisin keyfiyyəti və məzmunu dəyişdirildi”.

Tarixçi  bildirib ki, Cümhuriyyət hakimiyyətə gələndə onsuzda hazır binalar mövcud olub:

“Bilirsiniz, BDU-nun təsisi ilə bağlı 5 ay müzakirələr getdi. Bu müzakirələrdən biri də binanın müəyyənləşməsi istiqamətində idi. Hacı Zeynalabdin Tağıyevin hələ 1918-ci ilin mart soyqırımı günlərində,  oğlu Məhəmmədin Lənkəranda şəhid olduğu zamanda bir çıxışı olub: “Narahat olmayın.  Əgər gələcəkdə Azərbaycanda ali məktəbə ehtiyac olacaqsa, ən gözəl binamı bu məktəbə ərməğan edəcəm”. Belə də oldu. Yəni məktəb  binaları dağıdılmadı. Sovet dövründə kilsələr, məscidlər söküldü. Məsələn, Təzə Pir məscidi Sovet dönəmində kinoteatr, uşaq bağçası oldu, qənnadı fabrikinin malları orda saxlanıldı və.s.  Sovet dövləti özünə düşmən bildiyi yerləri dağıdırdı. Ancaq binaların istiqamətini dəyişib özünə uyğun formalaşdırırdı”.

A.İsgəndərli deyib ki,  ADR dövründə mövcud olan məktəblər Azərbaycanın bir neçə rayonunda hələ də qalıb:

“Bunlar Şəki, Lənkəran, Şuşa, Şamaxıda 1860-cı ildən sonra yaradılan üsuli-cədid məktəbləridir. Bir tərəfdə mədrəsələr, bir tərəfdə üsuli-cədid məktəbləri. Azərbaycan əhalisinin ən ağır problemi təhsil olub. Çar Rusiyası heç vaxt istəməzdi ki, işğal etdiyi ərazinin əhalisi savad sahibi olsun. Çünki insan savad sahibi olanda ilk mübarizəsi müstəqilliklə ,  xalqın azadlığı ilə bağlı olur.  Ona görə, üsuli-cədid məktəblərinin yaradılması  təkcə Bakını, Gəncəni əhatə etmirdi. Bir cümləni qeyd edim : Nə qədər təəssüfedici olsa da, 1918-ci ilin mayına - Cümhuriyyət yaranana qədər, Azərbaycanda cəmi 76 nəfər ali təhsilli ziyalı var idi. Təbii ki, şərq ölkələrində təhsil alan din adamlarını saymıram”.