Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 17:08:00
Cümhuriyyət dövründə heç bir orta məktəb tikilməyib? – Alimdən mübahisəli fikir

1918-ci il mayın 28-də müstəqilliyi elan olunan  Azərbaycan Cümhuriyyəti Şərqin ilk demokratik dövləti kimi tarixə düşüb. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı və uğurlu xidmətləri olub.

O cümlədən, təhsil sahəsi hər zaman diqqət mərkəzində saxlanılıb.

Maraqlıdır, Azərbaycan Cümhuriyyəti dövründə hansı məktəblər tikilib? Həmin məktəblərin aqibəti necə olub?

BDU-nun dosenti, publisist  Qərənfil Dünyaminqızı AzEdu.az-a danışarkən bildirib ki,  Cümhuriyyət dövründə məktəb tikilə bilməzdi:

“Çünki Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşadı. Amma o dövrdə məktəblərlə, təhsillə bağlı islahatlar həyata keçirildi. Elə ADR qələbə çalan kimi, ilk işi bütün məktəblərdə milliləşmə, tədrisin bütövlüklə ana dilində keçirilməsi üçün sərəncamın imzalanması oldu. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan edildi. ADR ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi”.

Müsahibimiz qeyd edib ki, ADR dövründə daha çox kurslar açılıb:

“Savadlanmaq istiqamətində və zabit hazırlamaq üçün kursların fəaliyyəti təmin edildi. Məsələn, Bakının işğalından sonra türklər Gəncədə, Şamaxıda, o cümlədən Bakının özündə  kurslar, Milli Ordunun yaranması üçün  bir neçə aylıq fəaliyyət göstərən hərbi məktəblər açdı. Əvvəlki məktəblər təbii ki, AXC dövründə yenə də fəaliyyətdə idi. Daha çox məktəblərdə milli məsələ diqqət mərkəzində oldu. Ən əsası,  Cümhuriyyət dövründə - bilirsiniz, 1919-cu ilin sentyabrında parlamentin qərarına  görə, Bakı Dövlət Universiteti təsis edildi və noyabrın 15-də ilk dərs günü  reallaşdı. Şərqlə Qərbin qovşağında – Avropa üslubunda universitet yaradıldı”.

Qərənfil Dünyaminqızı ADR dövründə fəaliyyət göstərən məktəblərin sonrakı aqibətindən də söz açıb:

“ADR dövründə bir məktəbi qoyub digərini tikə bilməzdilər, onlar çatdırmazdılar. Çünki 23 aydan sonra hökumət süquta uğradı.  Məktəblərin sadəcə, Sovet dövründə adları , fəaliyyət mexanizmi, kadrları dəyişdirildi. O məktəblər dediyim kimi, Cümhuriyyətdən əvvəl də var idi. ADR  hakimiyyətə gələn kimi parlamentdə birinci təhsilə, sonra da mətbuata  vəsait ayırdı. Hətta məktəbdən əvvəl, mətbuat haqqında senzuranı ləğv etdilər.  Lakin Gəncədə, Bakıda ADR dövründə fəaliyyətdə olan məktəblər hələ də mövcuddur. Sadəcə, o məktəblər mərkəzdə olduqları üçün yenidən tikildi”.