Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 12:00:00
“Müəllim bu səbəbdən mənə qəzəbləndi, durub, sinifdən çıxdım” – Aygün Bayramovanın “parta etirafları”

AzEdu.az hamının  tanıdığı  sənət adamları, ictimai  şəxslər, idmançılar, media nümayəndələrinin məktəb illərindən bəhs edən  silsilə yazılarını davam etdirir.  

“Etdiyim hərəkətə  görə peşman oldum”

“Parta etirafları” rubrikasının növbəti qonağı xanəndə, opera müğənnisi,   Xalq artisti   Aygün Bayramovadır.

Məktəb dövründə  müəllimlərin sevimlisi olduğunu qeyd edən  Aygün xanım,  o illəri  çox gözəl  xatirələrlə yada saldığını  deyir:

“Məktəb illərim gözəl  Qarabağımızda,  Ağdamda  keçib. Uşaqlığımız o  gözəl məkanımızda keçsə də, təəssüf  ki,  həmin yerlərə indi gedə bilmirik.  

Orta məktəbi doğma Qarabağda  bitirmişəm. Məktəb illərim çox  gözəl keçib və o dövrü  xoş xatirələrlə xatırlayıram.  Ailədə evin ən kiçik övladı,  eyni zamanda, ərköyün qızı olmuşam.  Musiqini, muğamı 9 yaşımdan  ifa etməyə başlasam da,     dərslərimə də  həmişə diqqət etmişəm.   Məktəb  illərində həm yaxşı şagird, həm də müəllimlərin sevimlisi olmuşam.   Ədəbiyyatı, Azərbaycan dilini   eləcə də, başqa   fənləri   çox yaxşı oxumuşam.   

Çılğın, emosional şagird idim... Dərslərimi yaxşı oxusam da,  hamı bilirdi ki, incəsənət  sahəsini seçəcəyəm.  Müəllim  sərbəst  inşa  yazısını  yazmağı tapşıranda həmişə    “mən konservatoriyaya   qəbul olacağam”  yazırdım”.

Aygün Bayramova oxuduğu təhsil müəssisəsi, məktəb illərində indi də  gülümsəyərək xatırladığı xatirələrini də  bizimlə bölüşüb:

“Mən   A. Zeynallı adına Bakı Musiqi Kollecini 1989-cu ildə bitirmişəm;  Şövkət Ələkbərovanın sinfində təhsil almışam. 

Daha sonra isə  Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilimi  tamamlamışam.  Konservatoriyada  təhsil aldığım müddətdə ustadım  Arif Babayev oldu. 

Mən qastrol səfərlərinə, konsertlərə, tədbirlərə getməyimə baxmayaraq, dediyim kimi, dərslərimə  həmişə məsuliyyətlə yanaşmışam.  Riyaziyyat müəllimimiz  var idi,   bir dəfə bizə ev tapşırığı vermişdi. Mən müəllimin verdiyi ev tapşırığını  yerinə yetirsəm də, bəzi yerdə səhvlər  etmişdim. Buna görə də, müəllim mənə bir az qəzəbləndi, durub buna görə sinfi tərk etdim... (gülür)

Onu da qeyd edim ki,   sonradan  bir neçə  dəfə həmin Riyaziyyat müəllimin dərsində iştirak etmədim. Sonra   fikirləşdim ki, o, müəllim eyni zamanda böyükdür və etdiyim  hərəkətə görə peşman oldum. Müəllim də sonra  dedi ki, yaxşı oxuyan şagird olduğun üçün,  səndən  hər zaman düzgün yazmağı tələb edirəm. Oxumayan şagirddən isə heç vaxt bu cür  tələb etmərəm.

Məktəb illərində baş verən   maraqlı hadisələrim çox olub.   Amma    onları xatırlaya bilmirəm.   O illərdə 11 il parta  arxasında oxuduğum sinif yoldaşlarımın   bəzilərini  indi görsəm də  tanımaram. Çünki   orta məktəbi bitirməyimdən illər keçib.   

Rayonda hər kəs  məni balaca ifaçı kimi tanıyırdı. Elə kiçik yaşlarımdan... Oxuduğum məktəbin direktoru mənə deyirdi ki, yaxşı  xanəndə, müğənni olacaqsan, çünki çox istedadlı qızsan”. 

Qeyd edək ki, Aygün Bayramova  teatr səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib.

Günel YAŞARQIZI