Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 11:45:00
“Beyin cərrahı olacağım üçün, meyit və qana məcburi öyrəşməliyəm” -700 bal toplayan  Fəyyaz Aslanlı  

Fəyyaz Aslanlı: “Çox oxuyub az məhsuldar olmaqdansa, az oxuyub çox məhsuldar olmaq lazımdır” 

AzEdu.az  18 iyulda  keçirilən qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunu Fəyyaz Aslanlı ilə müsahibəni təqdim edir:                                     

-Əvvəlcə sizi daha yaxından tanıyaq...

- Mən Fəyyaz Aslanlı, Masallı rayonunda doğulmuşam. Hazırda da Masallıda yaşayıram. İbtidai təhsilimi kənd məktəbində, sonrakı iki ili Masallı məktəbində, 2014-2018-ci illəri isə Lənkəran “İstək” liseyində oxumuşam.

- Bu 3 orta təhsil müəssisəsi həyatınızda nələrdi dəyişdi?

- İntellektual təməlim kənd məktəbində  qoyuldu. Valideynlərim müəllimdirlər,  mənimlə çox maraqlanırdılar. İngilis dili bilgilərimdə problem olduğuna görə, Masallı məktəbində təhsilimi davam etdirməli oldum. Masallıda qarşıma “İstək” liseyinin reklam broşürü çıxdı. Regional olaraq imtahanda yer tutan ilk 11 nəfərə 100 % güzəştin edilməsi nəzərdə tutulurdu. Mən də imtahana daxil oldum və region üzrə V, Masallı üzrə I yerə layiq görüldüm. Bundan sonrakı 5 ilimi “İstək” liseyində keçirdim.

- Əgər “İstək” liseyində təhsil almasaydınız, qəbul imtahanında yenə də  700 bal toplayacağınızı  düşünürdünüzmü?

- Əlbəttə, xeyr!  Xarici mühitin necə yer olduğunu bilirəm. Orada yataqxana şəraitində oxuyurdum. 3 həftə liseydə, 2 gün evdə olurdum. Liseydə hər kəs sənə intellektual cəhətdən yaxın səviyyədədir.  Bu da şagirdlər arasında rəqabət hissi yaradır. Rəqabət məni inkişaf etməyə məcbur edirdi.

-Hər hansı təhsil müəssisəsinin daxilində, yataqxana şəraitində yaşamaq sizi ətraf mühitdən, cəmiyyətdən uzaqlaşdırmırdı?

-Mənim dostlarım da o şəraitdə təhsil alırdılar. Kənardan tanışlarım az idi. Yəni, assosial insan deyiləm. Ancaq xoşum gəlməyən insandan mənə dost olmaz. “İstək” liseyi mənim üçün hər şey deməkdir. Çünki yaddaşıma daha çox  həkk olunan 5 ilimi orada keçirmişəm. Dostlarım da ancaq liseydən idi. Əvvəlki məktəblərdən isə demək olar ki, dostum yoxdur.

-Gələcəkdə həkim olmağı düşünürsünüz. Bəs, həkimliyin hansı sahəsi marağınızı daha çox cəlb edir?

-Cərrahiyyə,  beyin cərrahı olmaq istəyirəm!

- Sizcə, qadınlar peşəkar beyin cərrahı ola bilərlər?

-Maraqlı sualdır... Müasir insanam deyə, ixtisasını sevən hər kəsin cinsindən asılı olmayaraq, işinin peşəkarı olacağını düşünürəm. İstər beyin cərrahı olsun, istər mühəndis, işini sevən hər kəs bu sahədə ixtisaslaşa bilər.

-Niyə məhz beyin cərrahı olmağı düşünürsünüz?

-Birinci səbəb odur ki, Azərbaycanda kifayət qədər peşəkar beyin cərrahı yoxdur. İkincisi isə, seçim üçün mənə “ürək yoxsa, beyin cərrahı” desələr, ikincini seçərdim. Bu sahə marağımı daha çox cəlb edir.

- Sual bir az qəribə səslənə bilər: Həyatınız boyunca meyitdən və ya qandan qorxduğunuz olubmu?

- O qədər də qorxduğum yadıma gəlmir. Ancaq məcbur öyrəşməliyəm. İxtisasım bunu tələb edir.

-Dünyanın məşhur həkimləri hesab edir ki, peşəkar cərrah yumşaq xarekterli yox, sərt biri olmalıdır.  Seçdiyiniz peşənin gələcəkdə sizi qəddarlaşdıra biləcəyini düşünmüsünüzmü?

- Xeyr! Peşəmdən asılı olmayaraq, günün birində qəddarlaşacağıma, sərt insan olacağıma inanmıram.

- Gələcəkdə Azərbaycanda işləməyi düşünürsünüz?

-Bəli, istəyim elə budur.

-Bəs, xaricdən çox yaxşı əməkhaqqı vəd edilən iş təklifi gəlsə necə?

-Yenə də Azərbaycanı daha üstün tutardım...

-Fəyyaz, belə bir reallıq var: heç də hər kəs 700 bal toplamağı qəhrəmanlıq  saymır. Bir çoxlarının fikrincə, qəbul imtahanında maksimum nəticə uğur göstəricisi hesab oluna bilməz. Dorğudan, elədir?

-600-630 bal toplamaq abituriyentin dərsləri mənimsədiyini, qavradığını və hazırlıqlı olduğunu göstərir. Yerdə qalan 70-100 bal isə hərənin dünyagörüşünə görə dəyişir. Yalnız dərs oxumaqla iş bitmir; 700 bal həm də, şagirdin dünyagörüşlü biri olması deməkdir.

- Ədəbiyyatla aranız necədir?

-Bədii ədəbiyyatı o qədər də sevmirəm. Daha çox sosial inkişaf, biznes kitabları və bioqrafiyalar mütaliə edirəm.

-Azərbaycan kinosunda ən çox hansı aktyoru bəyənirsiniz?

- Yaşar Nurinin çox böyük pərəstişkarıyam. Səbəbini özüm də bilmirəm.

-Hər kəsin baxmalı olduğu film deyə soruşsalar, hansının adını qeyd edərdiniz?

-“Benjamin Button”.

- Kumiriniz kimdir?

-“Karib dənizi quldurları”nın baş qəhrəmanı Conni Depp.

-Hobbiləriniz nələrdir?

- Dostlarımla ünsiyyətdə olmaq, futbol oynamaq, kitab oxumaq.

- Ən çox bəyəndiyiniz və yaddaşınızda iz qoyan hansı cümləni bizimlə bölüşə bilərsiniz?

- “Ya bir yol tapmalı, ya bir yol açmalı, ya da bu yoldan əl çəkməlisən”

-Ən sevdiyiniz Azərbaycan musiqisi hansıdır?

- “Ey həyat, sən nə qəribsən..”

-Ali məktəblərə hazırlaşan abituriyentlərə nələri tövsiyə edərdiniz?

- Çox oxuyub az məhsuldar olmaqdansa, az oxuyub çox məhsuldar olmaq lazımdır. Nə özünüzə əziyyət verin, nə də başqasına.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57