Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 12:01:00
AzTV sədrinin qrup yoldaşı: “ Onunla hər gün dərsdən sonra bunu müzakirə edərdik”- MÜSAHİBƏ - FOTOLAR

 

AzEdu.az “Parta yoldaşı” layihəsi çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru  Rövşən Məmmədovun qrup yoldaşı Billurə Aslanova ilə müsahibəni təqdim edir. Layihəmizin tələbinə uyğun olaraq sinif və ya qrup yoldaşı hansısa məşhur haqqında danışıb, onunla bağlı xatirələrini bizimlə bölüşməlidir. Lakin əvvəlcə Billurə xanımı tanıyaq:

 

Mən 1996-2000-ci illərdə BDU-nun jurnalistika fakültəsində bakalavr, 2000-2002-ci illərdə magistr, 2003-2007-ci illərdə aspirantura təhsili almışam. Filologiya üzrə fəlsəfə doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “İnformasiya təminatı və sənədlərlə iş” şöbəsinin aparıcı məsləhətçisi, Azərbaycan Televiziyasının “Multikulturalizm” verilişinin müəllifi və aparıcısıyam. Eyni zamanda  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimiyəm. İki övladım var.

 

Müsahibənin qəhrəmanı -  AzTv sədri- Rövşən Məmmədov

 

Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

 

Rövşən Məmmədov AzTV-dən əvvəl, “Lider TV” və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib. Bir neçə dərsliyin müəllifidir.

 

AzTV-də "Günün nəbzi”, "Əsas Məsələ" və "Həftə" verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub . 15 yanvar 2019-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlayıb.  Ölkənin ən gənc elmlər doktorlarından biridir.

 

Sumqayıtdan Bakıya  “Məsuliyyət marşrutu”

 

Müsahibimiz Billurə xanım Rövşən Məmmədovun tək  tələbə yoldaşı deyil, həm də qrup nümayəndəsi olub. Deyir ki, o, Sumqayıtda yaşasa da, bir dəfə də olsun, dərsə gecikməzmiş:

 

-Mən təhsil aldığım müddətdə - həm bakalavriatura, həm də magistraturada-  qrup nümayəndəsi olmuşam. Rövşən müəllimlə həm bakalavrda, həm də magistraturada bərabər oxumuşuq. Amma biz həm də yol yoldaşı olmuşuq. Hər gün dərsdən sonra günün özətini yolda müzakirə edirdik. İlk tanışlığımız isə auditoriyada olub.

 

Rövşən Məmmədov o vaxt Sumqayıtda yaşayırdı. Hər gün 08:30 üçün Sumqayıtdan Bakıya dərsə gəlirdi və demək olar ki, heç vaxt gecikmirdi. Həqiqətən, bunu etmək asan deyildi. Amma Rövşən çox məsuliyyətli tələbə idi.

 

 

Hər şagird və tələbə müəyyən xüsusiyyəti,yaxud da hər hansı bir istedadı ilə seçilir. Görən, Rövşən müəllimi başqa tələbə yoldaşlarından fərqləndirən cəhət nə olub? Billurə xanımı dinləyək:

 

-Rövşən Məmmədov çox sakit, mədəni, tərbiyəli və çalışqan tələbə olub. Düzdür, əlaçı deyildi, amma zərbəçi idi. Rövşənin əsas üstün cəhəti onun qarşısına qoyduğu məqsədə doğru həmişə inamla irəliləyə bilməsi olub. Bu xüsusiyyət onda hələ tələbəlik illərindən var idi, sonrakı dövrdə isə özünü daha qabarıq biruzə verdi.

 

Ən sevimli müəllimi

 

-Ən çox sevdiyi fənn “Xarici ölkələrin ədəbiyyatı”, ən sevdiyi müəllim isə Nüşabə xanım Sadıqova idi. Nüşabə xanımı biz ümumiyyətlə, qrup olaraq çox sevirdik. Kitab oxumağı sevməyən yoldaşlarımız belə Nüşabə müəllimənin təsiri ilə semestr ərzində neçə-neçə xarici müəllifin əsərini böyük maraqla və sevgiylə oxumuşdu.

 

 

İki vəzifə: AzTv sədri və sadə qrup yoldaşı

 

-Bəlkə, bir az pafoslu səslənəcək, amma bizim üçün bütün müəllimlər əziz və dəyərli idi. Bilirsiz, jurnalistika fakültəsində həmişə gözəl bir ənənə olub. Müəllimlər tələbələrə daha çox həmkar kimi yanaşıblar. Onlar bizim atacağımız hər uğurlu addım üçün əllərindən gələni ediblər. Bunula belə, nə professor Nəsir İmanquliyev, nə də professor Famil Mehdi məşğələ üçün verdiyi ədəbiyyat siyahısında oxunmayan mövzu üçün güzəşt edib. Nə professor Şirməmməd Hüseynov mühazirəni dinləməyən, qeydlər etməyən tələbəni bağışlayıb. Nə də Əliş Nəbili ünvanladığı suala məhz o tələbədən doğru cavab alana qədər sakitləşib. Amma mənim tələbə yoldaşım Rövşən sadəcə, universitetdə aldığı təhsillə yüksəlməyib. O, həmişə öz üzərində çalışan tələbə olub. Magistraturanın ilk kursunda oxuyanda dekan müavini Əli Hacıyev yeni açılan TV-nin təklifi ilə bir qrup tələbənin təcrübəçi işçi kimi həmin media qurumunda çalışmasına dəstək oldu. Həmin televiziyada müxbir kimi fəaliyyətə başlayan Rövşən departament rəhbəri vəzifəsinədək sadəcə öz zəhməti, əzmi, məsuliyyəti, ruhdan düşməyərək uzun müddət çalışması ilə yüksəldi. Bu gün Rövşən Məmmədov jurnalistika sahəsində ən gənc elmlər doktorudu.O, Azərbaycan Televiziyası kimi önəmli quruma rəhbərlik edən ilk peşəkar jurnalistdir. O, ciddi, anlayışlı, yeniliklərə açıq və TV-nin inkişafı üçün çalışan bir rəhbərdir, amma yenə də bizim sadə qrup yoldaşımızdı. Görüşəndə, “bacı” və “qardaş” müraciətini bütün doğmalığı ilə səsləndirən.

 

Müəllimi bildik, görəsən, Rövşən Məmədova ən yaxın qrup yoldaşı kim olub? Çünki, nahaq deməyiblər, dostunu göstər, deyim kimsən...

 

-Biz ümumiyyətlə çox mehriban qrup idik. Bu gün də eləyik. Rövşənin də bütün tələbələrlə və müəllimlərlə çox yaxşı münasibəti var idi. Sadə, səmimi və mehriban yoldaş idi, Rövşən.

 

Unudulmayacaq olay...  

 

-Tələbəlik illərində, o qədər maraqlı hadisələr  olub ki... Biz imtahanlara qrup olaraq  Milli Kitabxanada hazırlaşırdıq. O vaxt ana dilində ixtisas ədəbiyyatı çox az idi. Əsasən, rus dilində olan ədəbiyyatlardan tərcümələr edirdik. Sualları öz aramızda paylaşıb, sonra da hazırladığımız cavabları bölüşürdük. I kursun ilk imtahanlarından biri Azərbaycan folklorundan idi. Adını çəkməyəcəm, bir müəllimimiz vardı, qrupda 25 nəfərdən 17-nə aşağı qiymət yazmışdı. Ona görə yox ki, hazırlaşmamışdılar. Həqiqətən, həmin müəllim çox çətin, bir az da qəribə suallar verirdi. O vaxt sadəcə, bir neçə tələbə “əla” almışdı həmin imtahandan. Onlardan biri Rövşən, biri də mən idim.

 

Bu yerdə bir sual:

 

-Sizcə, onun Jurnalistikada təhsil almasına ailəsinin münasibəti necə idi?

 

-Rövşən çox sadə, zəhmətkeş və sevgi dolu bir ailədə böyüyüb. Ailəsinin onun seçiminə münasibəti yaxşı idi və bütün çətinliklərə rəğmən, onu dəstəkləyirdilər.

 

“İş ayrı, dostluq ayrı”

 

-Hazırda jurnalist fəaliyyətinizi demək olar ki, bərabər davam etdirirsiz. İşdən əlavə tələbə yoldaşı kimi münasibətinizi qoruyub saxlamağı nə dərəcədə bacarmısız?

 

-Elmi işimin müdafiəsində Rövşən Məmmədov mənim rəyçim olub. Elmi iş üzərində çalışarkən, çətinliklər bəzən adamı ruhdan salır. Rövşən  həmişə dəstəkləyirdi məni. Biz müəllim kimi Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində eyni auditoriyanı paylaşmışıq. Bü gün mən həm də onun rəhbərlik etdiyi TV-də veriliş hazırlayıb təqdim edirəm. Məşhur bir misalda deyildiyi kimi: “Дружба - дружбой, а служба – службой”. Biz işimizi sevdiyimiz, onu vicdanla və peşəkarçasına icra etdiyimiz üçün işdən əlavə, tələbə yoldaşı kimi münasibətinizi qoruyub saxlamağı bacarırıq.

 

 

Unudulmayacaq Məzun günü

 

-Bəli, artıq 20 il ötür, həyəcandan, sevincdən, qəhərdən boğulduğumuz məzun günümüzdən... Uzun illər boyu biz vədimizə sadiq qalaraq, hər ilin may ayında toplanıb görüşlər keçirmişik. Zaman keçir, mən həqiqətən qürur duyuram ki, bizim qrupun bir çox üzvləri bu gün Azərbaycan jurnalistikasında öz sözünü deyən şəxslərdi: radioda, televiziyada, mətbuatda, dövlət qurumlarında səlahiyyətli və peşəkar jurnalistlərdi. Ən əsası, vəzifəsindən asılı olmayaraq, hamısı gözəl insanlardı.

 

Epiloq əvəzi...

 

-İllər öncə qrup yoldaşı kimi onun əzminə, çalışqanlığına, savadına və mədəniyyətinə şahid olmuşam. Sonralar yenə eyni auditoriyanı bölüşdük: bu dəfə həmkar kimi. Müdafiə günümdə də opponent kimi yanımda oldu. Sonra qismət elə gətirdi ki, Azərbaycan Televiziyasında onun rəhbərlik etdiyi departament üçün veriliş  ("Multikulturalizm") hazırlamağa başladım. Nəhayət, doğma Jurnalistika fakültəsində (BDU) 2 alim kimi (fəlsəfə doktoru və elmlər doktoru kimi) yenə eyni auditoriyanı bölüşdük.  Və yəqin ki, AzTV tarixində ilk dəfə tələbələrimizi TV-də şəxsən qəbul edən, o qədər səmimiyyətlə hər sualı detallı izah edən pedaqoq- rəhbər kimi yenə də fərqləndi. Amma mən onun uğurlarına sadəcə bir dost, bir həmkar kimi yox, həm də Azərbaycan Televiziyasının tarixini tədqiq edən araşdırmaçı, televiziya mütəxəssisi, eyni zamanda diqqətli tamaşaçı, nəhayət, vətəndaş olaraq sevinirəm. Çünki Azərbaycan Televiziyasında son 1 ildə baş verən dəyişikliklər, yeniliklər və qazanılan uğurlar göz qabağındadır. Davamı da olacaq... Yolun açıq olsun, uğurlar, Rövşən Məmmədov!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57