XƏBƏRLƏR

13.06.2018 17:27
“Əlavə sertifikasiyadan keçirilmək alimlərə qarşı hörmətsizlik olar” – Akademiklər danışır

Milli Məclisin dünən keçirilən növbədənkənar plenar iclasında  sertifikasiya məsələsi fikir ayrılığı yaradıb. Bəziləri hətta elm adamlarının da sertifikasiyadan keçməsini təklif etsələr də, deputat Vahid Əhmədov buna etiraz edib.:

“Alimlər, müəllimlər arasında bu stress yaradırsa, demək, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır?  Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs bu, niyə yenidən imtahan verməlidir?”

AzEdu.az məsələ ilə bağlı elm adamlarının fikirlərini öyrənib. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova sertifikasiyanın müdafiədə iştirak edən qurum və elm adamlarına hörmətsizlik olduğunu deyib:

“Elm adamlarının imtahan verib sertifikasiyadan keçirilməsi təəccüblü məsələdir. Məncə, fəlsəfə doktorunun savadı o dərəcədə olmalıdır ki, heç imtahan  haqda düşünülməsin. Əvvəla, bir şəxs müdafiə etdikdə 15-20 alim ona səs verirsə, bu həmin alimlərə qarşı hörmətsizlikdir. Ali Attestasiya Komissiyasından keçdiyinə görə bu, onlara qarşı da hörmətsizlik hesab oluna bilər. Belə çıxır ki, biz onlara inanmır, etimadlarını yoxa çıxarırıq.

Çünki bir insanın “fəlsəfə doktoru” adını alması üçün iki opponent, bir aparıcı təşkilat ona rəy verir. Opponentlər seçilmiş insanlar, aparıcı təşkilat isə çox  nüfuzlu olur. Bundan əlavə Müdafiə Komissiyasının, Ali Attestasiya Komissiyası ekspert şurasının, Rəyasət Heyətinin və ya kollegiyanın üzvləri də iştirak edir. Görün, elmi iş müdafiə etmək istəyən şəxs nə qədər instansiyalardan keçir. Hətta fəlsəfə doktoru olmaq üçün imtahan, namizədlik minimumu da şərtdir. Əgər bütün bunlardan sonra onu bir də imtahan ediriksə, deməli, iştirak edən alimləri şübhə altında qoyuruq. Ona görə də mən  buna ehtiyac görmürəm. Sadəcə, məncə getdikcə şərtləri daha da ciddiləşdirmək lazımdır ki imtahan haqda düşünülməsin”.

Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev isə bu təklif haqda məlumatsız olduğunu bildirib:

“Mən heç bunu eşitməmişəm. Mən çox işləyir, bütün günü məşğul oluram. Bu səbəbdən, həmin təklif haqda düşünməmişəm. Ona görə də sizin sualınızı cavablaya bilmərəm. Bu, çox ciddi məsələdir. Hazırda bunu cavablamağa hazır deyiləm”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu isə  elmi işçilərin onsuz da attestasiyadan keçirildiyini vurğulayıb:

“Onsuz da AMEA-nın institutları üzrə attestasiya olur. Bu, beş ilədən bir keçirilir. Hesab edirəm ki, əlavə sertifikasiya keçirilməsinə ehtiyac yoxdur”.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları