Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 11:45:00
Milli coğrafiya məktəbinin əsasını qoyan tədqiqatçı alim

Bu gün akademik Budaq Budaqovun doğum günüdür

Görkəmli alim, Əməkdar elm xadimi, akademik Budaq Budaqov Azərbaycan coğrafiya elminin inkişafına dəyərli töhfələr verib. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş B.Budaqovun respublikamızda bu sahənin inkişafında mühüm xidmətləri olub. O, Azərbaycanda coğrafiyaşünaslar məktəbi yaradıb. Coğrafiyaşünas alimin geomorfologiya, ekologiya, landşaftşünaslıq, toponimika, əhali coğrafiyası, Xəzərin problemləri və digər tədqiqat sahələrində əldə etdiyi elmi nailiyyətlər bu gün də aktuallığını qoruyub saxlayır.

AzEdu.az Budaq Budaqovun doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Budaq Budaqov 1928-ci il fevralın 23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1945–1947-ci illərdə Yerevanda Azərbaycan pedaqoji məktəbində, 1947–1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil alıb. O, 1951–1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxuyub. Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov sonralar burada böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləyib, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub.

Budaq Budaqov 1955-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor elmi dərəcəsini alıb. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Görkəmli alimin əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Akademikin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılıb, landşaftın geokimyasına dair problemlər tədqiq olunub.

Yüksək ensiklopedik biliyə və təfəkkürə, tədqiqatçı bacarığına malik olan Budaq Budaqov Cənubi və Qərbi Azərbaycanda, Gürcüstan və Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək geniş oxucu kütləsinə çatdırıb. O, həmçinin sel təhlükəsinə görə Azərbaycanın rayonlaşma sxemini hazırlayıb. Akademikin tədqiqatları nəticəsində ilk dəfə palçıq vulkanlarının irimiqyaslı landşaft və geomorfoloji xəritələri tərtib olunub.

Budaq Budaqovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 1000-dən çox elmi əsərdə, 30 xəritə-atlas və 40 monoqrafiyada əksini tapıb. Alimin yaradıcılığında elmi-kütləvi və publisistik məqalələr də geniş yer tutub. O, məqalələrində ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəldib, yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ edib.

Budaq Budaqov ölkəmizdə coğrafiyaşünaslar məktəbinin formalaşdırılması üçün bilik və bacarığını əsirgəməyib, coğrafiya dərsliklərinin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edib. Alimin rəhbərliyi altında 50-dən çox fəlsəfə və elmlər doktoru hazırlanıb.

Beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən Budaq Budaqov, həmçinin bacarıqlı elm təşkilatçısı kimi yaxşı tanınıb. Respublikamızın elmi-mədəni həyatının fəal iştirakçısı olan alim Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi də geniş ictimaiyyət arasında yüksək nüfuza malik idi.

Coğrafiyaşünas altmış ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülüb.

Akademik Budaq Budaqov 2012-ci il noyabrın 1-də vəfat edib. Onun elmi irsi bu gün də tədqiqatçılar üçün dəyərli mənbədir.