Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 15:27:26
“Test imtahanının bu vəziyyətdə tətbiqi dəhşətlidir” – Sosioloqdan SOS

“Mən universitet müəllimiyəm, hər gün auditoriyadayam. Böyük təəssüf hissi keçirirəm ki, bəzən 500-dən çox bal toplayan uşaqlar dərsə cavab verə bilmirlər. Dərs dediyim tələbələr istəyirlər ki, mən onlara nəsə verim əzbərləsinlər. Onlar sanki bu vərdişə öyrəniblər, düşünmək yoxdur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq, professor Əhməd Qəşəmoğlu test sisteminin ləğvi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, test sisteminin tətbiqi təhsil sahəsində müəyyən neqativləri aradan qaldırsa da, məktəblilərdə öz fikirlərini izah edə bilməmək “bəlasını” bəxş edib:

“Mən xatırlayıram ki, orta məktəbdə oxuyanda dəqiq fənlərdən necə çalışırdım. 16 yaşımda universitetə girmişəm. Fizika, riyaziyyatı əhatəli öyrənmişdik. İndikilər isə ancaq müəllim yanına gedirlər. Müəllimin də onlara öyrətdiyi ən böyük şey əzbərlətmək olur. Yüksək bal toplayan uşaqlara belə, dərsi danışdıra bilmirəm. Deyirəm, danış, amma onlar sual verməyimi istəyirlər. Sual da verirsən baxırlar üzünə. Test imtahanının bu vəziyyətdə tətbiqini dəhşətlidir. Test ideyası özü yaxşıdır. Bunun müsbət tərəfləri oldu. Çünki testdən qabaq uzun illər idi ki, Azərbaycanda imtahanlar hədsiz dərəcədə pis vəziyyətdə idi. Rüşvət baş alıb gedirdi. Qabiliyyəti olanlar girə bilmirdi. Amma testi bu günə salmaq olmaz. Hər hansı orta məktəbə gedirsən, görürsən ki, yuxarı siniflərdə şagird yoxdur. Soruşursan hardadılar? Məlum olur ki, hərəsi məktəb direktoruna bir az rüşvət verib, hansısa yolla dərsə gəlmirlər. Çünki repetitor yanına gedirlər. Universitet müəllimi olaraq çox həyəcan keçirirəm. Belə tələbələrə dərs demək maraq dairəsində olmur. Bəzi universitetlər olub ki, dekanlığa demişəm mənə dərs saatı verməyin. Çünki o cür tələbələrə dərs demək istəmirəm”.

Müsahibimiz bildirib ki, yeni nəslin bu şəkildə formalaşdırılması düşmənlərimizi sevindirir:

“Mənim düşmənim istəyir, bizim gəncimiz bu cür olsun. Həm humanitar, həm də texniki təmayüllü dərslər deyirəm. Hər birində həyəcan təbili çalınmalı vəziyyətdədir. Bu şəkildə qəbul imtahanlarının keçirilməsi ölkə üçün arzuolunmaz bir haldır. İşi elə qurmaq lazımdır ki, repetitora ehtiyac olmasın. Bizim vaxtda onlar yox idilər. Bu mərhələni keçmişik. İndi düşməncəsinə bir mexanizm yaradılıb. Dərslər başdan getdi, hamı əzbərçi olub. Başqa ölkələrdə də test sistemi var. Digər ölkələrin müəllimləri ilə danışıram. Bizdə test sisteminin eybəcər variantıdır. Normal deyil. Başqa yerlərdə belə deyil. Tələbəyə deyirsən get kitabxanadan filan şeyi oxu, vikipediyadan oxu heç olmasa, deyir, müəllim, siz yazın paylayın da. Gözləyirlər ki, biz onlara qısa şəkildə nəsə verək. Onlarda imtahanda bunu köçürsünlər harasa. İndi universitetə girənlərin çoxu yola verib diplom almaq üçün daxil olur. Başqa problemlər də var, amma əsas gücü orta məktəbə vermək lazımdır. İnqilabi, kəskin şəkildə dəyişiklik etməyə ehtiyac var”.