Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 11:13:00
Azərbaycanlı alim NASA-da Solar Orbiter zondunun kosmosa buraxılışını izlədi

Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin elmi işçisi Famil Mustafa astrofizik, mühəndis və jurnalistlərdən ibarət 30 nəfərlik nümayəndə heyətinin arasında ABŞ Kosmik Agentliyinin (NASA) Floridada yerləşən Keyp Kanaveral kosmodromundan Günəşi tədqiq edəcək “Solar Orbiter” kosmik zondu ilə təchiz edilən “Atlas V 411” raketdaşıyıcısının buraxılışını izləyib. 

AzEdu.az xəbər verir ki, “Solar Orbiter” layihəsi NASA və Avropa Kosmik Agentliyinin 1,5 milyard dollar dəyərində birgə layihəsidir. Peykin kosmosdakı missiyası yeddi il nəzərdə tutulub. Bu müddət ərzində çəkisi 2 tona yaxın olan kosmik aparat Günəş aktivliyini və ulduzun qütb sahələrini müşahidə edəcək.

“NASA” nümayəndələrinin sözlərinə görə, “Solar Orbiter” heliofizikanın əsas məsələsi – Günəşin Günəş sistemində daim dəyişən kosmik mühiti necə yaratması və nəzarət etməsi ilə məşğul olacaq.

Missiya Avropa Kosmik Agentliyinin Almaniyanın Darmştat şəhərində yerləşən Baş Missiya İdarə Mərkəzindən idarə olunacaqdır. İlk nəticələrin 2021-ci ilin noyabr ayında əldə olunması nəzərdə tutulub.

“Solar Orbiter” zondu 10 müxtəlif cihazla təchiz edilib ki, həmin cihazların altısı daim Günəşə tərəf yönəldiləcək, dördü isə aparat ətrafında mühitin vəziyyətinin öyrənilməsi üçün istifadə ediləcək.

Bundan başqa, “Solar Orbiter” zonduna Günəşə 42 milyon kilometr məsafəyədək yaxınlaşmağa imkan verəcək xüsusi istilikqoruyucusu quraşdırılıb. 

Qeyd olunan məsafədə qoruyucu elementin kənar səthi, 500 dərəcə selsidən çox qızacaq, istilikqoruyucusunun arxasında yerləşən cihazların temperaturu isə 50 dərəcəyə yaxın olacaq. 

Peykin bu cür unikal imkanlarının olması, bizə Günəş qütblərinin görüntülərini çəkmək, yüksək enliklərdə öyrənmək, yerində və uzaqdan zondlama müşahidələrini birləşdirərək ulduzumuzun necə yaşamasının sirrini açmaq imkanı verəcək. Eləcə də gələcəkdəki kosmik tədqiqatlar zamanı yeni yüksək temperaturda çalışan texnologiyalardan istifadə, Avropanı ilk dəfə Merkuri planetinin orbitinə çıxarmaq və kosmik havanı daha yaxşı başa düşmək üçün Günəş-Yer əlaqələrini daha dərindən araşdırmağa şərait yaradacaq.