XƏBƏRLƏR

17.05.2018 13:39
“Bu, dövlət qurumlarını şantaj etməkdir” - Riyaziyyat müəllimindən ekspertə  ittihamlar

Riyaziyyat müəllimi Sədi Heydərov təhsil eksperti Kamran Əsədovun son zamanlar qəbul imtahanları ilə bağlı çıxışlarına etiraz edib.

“Nədənsə o, həmkarlarından daha çox efirlərdə və qəzetlərdə görsənir. Onun fikirləri ilə tanış olduqdan sonra məni belə bir sual düşündürür ki, nə əcəb onu gündəmdə saxlayanlar onun fikirlərindəki avantüra və savadsızlığı dərk etmirlər. Kamran son müsahibələrinin birində yazır: “Şagirdin 6-cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbəttə ki, onun həmin mövzuya cavabvermə reallığı aşağı olacaq. DİM-in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, onun repetitor yanında əldə etdikləri biliklərdir”.

Biz bilirik ki, orta məkəbdə tədris olunan fənnlərin mövzuları ardıcıllıqla, biri digərini tamamlamaqla orta təhsilin son pilləsinə qədər davam edir. Bu təhsil eksperti başa düşmür ki, vurma, bölmə, kəsr və s. kimi əməllər təkcə 5-ci sinifdə donub qalmır? Bu riyazi əməllərdən yuxarı siniflərdə istifadə etməmək qeyri-mümkündür. Bu nə məntiqdir, aşağı siniflərdə keçilən dərslər unudulmalıdr? Məktəbin missiyası bundan ibarətdir? Bu nə sayaq çağırışdır?! Yaxud kimya fənnində kimyəvi elementlərin valentliyi 11-ci sinfə qədər mövzularda əksini tapır. Məgər şagird bunu unudaraq 11-ci sinifə gəlib çatır?”

“Nadanlığın dərəcəsinə diqqət edin: bu adam şagirdlərin biliklərini sortlaşdırır. DİM-nin son hesabatından məlum oldu ki, orta statistik abituriyent fənlər üzrə məktəb proqramının 30-52 faizini mənimsəyir. Əgər proqramları 100 faiz repetitorlar mənimsətsəydilər, onda Kamranın sayıqlaması “doğru” olardı. Bu bilərəkdən dövlət qurumlarını şantaj etməkdən başqa bir şey deyil. Həm də qurumları süni olaraq qarşı-qarşıya qoymaqdır.
Üzümu tanınmış saytlara tutub deyirəm ki, indi abituriyentlər və yuxarı sinif şagirdləri üçün həssas dövrdür. Təhsil eksperti adı ilə cəmiyyətə daxil olan insanların fikirlərini verərkən bir qədər ehtiyyatlı olmaq lazımdır” – müəllim yazır.

Eskpert Kamran Əsədovun cavabı isə özünü çox gözlətməyib. O, AzEdu.az-a açıqlamasında riyaziyyat müəlliminin iradlarına faktlarla cavab verməyə çalışıb:

“Əvvəlki illərdə əldə edilmiş biliklərin isə təkrarlanması repetitor yanında valideynin vəsaiti hesabına olur. Dünya təhsil sistemindən də məlumdur ki, şagirdin əldə etdiyi biliyin, yiyələndiyi informasiyanın 50 faizi qısa bir müddətdən sonra yaddan çıxır. O ki qaldı 5-6 il vaxt keçə və bu müddətdə daima onun üzərinə əlavə, yeni biliklər daxil ola. Sədi Heydərov adlı biri (əslində elə bir adam ümumiyyətlə yoxdur, bu tanıdığımız biridir) çox savadsızca yuxarıda qeyd etdiyimə guya etiraz edib. İndi icazə verin başa salım. Tarix fənnindən tədris V sinifdən başlayır. Amma qəbul proqramına VI sinifdən mövzular salınır və onların heç biri yuxarı siniflərdə təkrar olunmur. Bu bütün fənlərə aiddir. Ali məktəbə sənəd verən abituriyent qəbul imtahanına hazırlaşmaq üçün neçə kitab oxumalıdır, xəbərin var filosof – fizik – riyaziyyatçı?”

Ekspert deyir ki, əgər bu gün repetitorluq olmasaydı, aidiyyəti qurum ortaya statistika deyilən bir şey qoya bilməzdilər. Məhz keçid balı, yüksək bal repetitorluğun nəticəsində toplanılır:

“Niyə orta məktəb şagirdlərinin 35 min nəfəri ana dilindən buraxılış imtahanında 2 qiyməti alır?".