Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 12:24:00
Şagirdlər rəqəmsal dünyada yaşamağa hazırdır?

Beynəlxalq tədqiqat şagirdlərin kompüter və informasiya savadlılığını qiymətləndirib

Qloballaşma yeni dövrün trendlərindən biri kimi şagirdlərin rəqəmsal bacarıqlarının daim təkmilləşməsini zəruri edir.  XXI əsr reallıqları  uğurlu gələcəyin təmin olunması baxımından şagirdlərdən tənqidi təfəkkür və səriştə tələb edir.  Bu sahədə aparılan beynəlxalq tədqiqatlar  təhsilalanların yeni dünyada yaşamağa nə dərəcədə hazırlanması keyfiyyətlərini müəyyən etməyə kömək edir. 

Kompüter və İnformasiya Savadlılığı Beynəlxalq Tədqiqatının (ICILS -International Computer and Information Literacy Study) 2018-ci ilin  nəticələrinə dair son açıqlaması dünyada bu sahədə vəziyyəti və ölkələrin marağını əks etdirir.    Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və  26 min  müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə,  Danimarka məktəbliləri  557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir.  Rusiya  məktəbliləri 549 balla ikinci,  Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralarda yer alıb.

Ekspertlər  VIII  sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, həmçinin kompüter təfəkkürü bacarıqlarını qiymətləndiriblər.  Tədqiqatın keçirilməsində  məqsəd məktəblilərin rəqəmsal dünyada yaşamağa, təhsilə və  iş həyatına nə qədər yaxşı hazırlandığını öyrənmək olub. Tədqiqat testdən və böyük layihə tapşırığından ibarət  olub.  Uşaqlar kompüterlə işləmək, informasiya axtarmaq və onu idarə etmək, öz rəqəmsal məhsullarını yaratmaq, e-poçt və sosial şəbəkələrdən istifadə etmək bacarığını nümayiş etdiriblər.

Araşdırmada Rusiyanı təmsil edən Moskvanın səkkizinci sinif şagirdlərinin 34 faizi informasiya savadlılığının yüksək  səviyyəsini göstərib. Maraqlı məqam odur ki,  qızlar daha yüksək nəticələr göstəriblər, onlar 552 bal toplayıblar. Oğlanlar orta hesabla bir az aşağı - 546 bal əldə ediblər.  Araşdırmada iştirak edən müəllimlər məktəblərdə informasiya texnologiyalarının mövcudluğu və əlyetərliyi ilə bağlı anketləri doldurublar.  Rusiya paytaxtı ən yüksək nəticələr göstərib.  Paytaxt müəllimlərinin əksəriyyəti   məktəblərinin kifayət qədər müasir kompüter avadanlığına malik olduğunu, yüksəksürətli internetə çıxış əldə etdiyini və müəllimlərə İKT sahəsində peşə vərdişlərinin inkişaf etdirilməsi üçün imkanlar yaradıldığını  bildiriblər.