Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 15:35:00
Rektor: “Vasim müəllimin tərcümə etdiyi Qurani-Kərim İslam dünyasında mühüm hadisə hesab olunur”  

Bu gün Bakı Dövlət Universitetində (BDU) akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib. Akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bu xəbəri Azərbaycan elminin böyük itkisi adlandırıb:

“Dəyərli elm adamı, müəllim və müdrik ağsaqqal kimi özündə ən ali xüsusiyyətləri cəmləşdirən sadə və təvəzökar bir ziyalını itirdik. Vasim müəllimin qoyub-getdiyi elmi irs əbədi olaraq yaşayacaq”.

Rektor bir neçə ay əvvəl onu bağ evində ziyarət edib xeyli söhbət etdiyini,   akademikin  ad günündə telefonla danışdıqlarını xatırlayıb:

“Onun elmi axtarışlarından ərəb dilçiliyi, ümumi dilçilik, dinşünaslıq və islamşünaslıq sahələrində, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində hər zaman istifadə olunacaq. Görkəmli alimin rəhbərlik etdiyi Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi ölkəmizdə Dinşünaslıq və İslamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. Eləcə də, 1991-ci ildə akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etdiyi müqəddəs Qurani-Kərim ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə hesab olunur”. 

“Akademik Vasim Məmmədəliyevə böyük xidmətlərinə görə hər zaman ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilib. Onun Azərbaycan elminə verdiyi töhfələr yüksək qiymətləndirilib. "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Allah yaxınlarına səbir versin!”- deyə C.Məmmədov başsağlığı verib.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları