Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 16:30:00
“Gənclərimizi yetişdirmək üçün bizə hərtərəfli şərait yaradıblar” – “İlin gənc müəllimi”nin qalibi - FOTOLAR  

Oktyarın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Milli Məclisin Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” 2019 müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Şəhər Təhsil idarəsinin təlim-tərbiyə işləri üzrə metodisti, riyaziyyat və informatika müəllimi  İlahə Həmidova çıxışında həmkərlarını  təbrik edib , burada olduğu üçün qürur duyduğunu bildirib:

“ İlk olaraq Prezidentimizə, Təhsil Nazirliyinə çox təşəkkür edirəm. Gənclərimizi yetişdirmək üçün bizə hərtərəfli şərait yaradıblar. Bugünkü şərait olmasaydı, bizim məktəblə bağlı çox qayğılarımız olardı. İndi həyata keçirdiyimiz  yeni təlim metodlarını reallaşdıra bilməzdik.
Mən bu musabiqədə yeddinci  yeri tutmuşam  və özümlə qürur duyuram ki, mən də ilk onluğa  düşdüm”.

 O, qeyd edib ki, indiki vəziyyətdə şagirdlərin təhsildən yayınması üçün heç bir səbəb yoxdur.

“Mən ucqar kənddə işləməsəm də, təhsil almışam. Hazırkı vaxtla bizim oxuduğumuz vaxtı müqayisə edəndə bir şeyi həmişə xatırlayıram, şagirdlərimə də bunu danışmışam. Biz orta məktəbdə oxuyanda qışda sinif otaqları  o qədər soyuq olurdu ki, əllərimizə əlcək geyinib, qələmlərimizi  tutub yazırdıq.
Bizim məktəb  Qazax rayonunda sərhədə yaxın zonada idi.  Hərdən top atılırdı, amma biz reaksiya vermirdik. Artıq  pəncərələrin cingiltisinə alışmışdıq. İndi hər şey yaxşıdı, bu qədər gözəl şəraitdə uşaqlar oxumayanda o dövrü onlara danışıram və göstərməyə çalışıram ki, dövlət sizə bu qədər qayğı göstərdiyi halda sizin təhsildən yayınmağınız heç də düzgün hal deyil”.  


Metodist qeyd edib ki, şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaqla yanaşı onların vətənpərvərlıik ruhunda inkişaf etməsinı diqqətdə saxlayıb. Bu istiqamətdə bir müəllimin üzərinə düşən bütün öhdəlikləri icra edir.

“ Mən heç də şagirdlərimin hamısından akademik olmağı gözləməmişəm. Özüm də müşahidə etmişəm ki, bakalavr, magisrtatura , doktorantura  təhsili alan biri heç də vətəninə layiqli vətəndaş ola bilməyib. Mən dərs keçdiyim siniflərdə çalışıram ki, şagirdlərə  "mən öz ölkəm üçün nə etməliyəm?" ideyasını aşılayım. Dərsdən sonra da bu işləri reallaşdırıram və  müsbət nəticəsini əldə edirəm”.

İ. Həmidova bildirib ki, təlimlər zamanı bir neçə dəfə gənc  müəllimlərlə metodist kimi görüşüb və onlara humanistlik ideyasının vacibliyini vurğulayıb.

“Hər zaman istəyirəm ki, müəllimlər şagirdlərlə həm psixoloq, həm valideyn, həm  də müəllim  kimi davransınlar. Çünki bizim də şagird olarkən yaralı yerlərimiz vardı. Qorxduğumuz müəllimlərin fənninə marağımız, sevgimiz olmayıb. Dərsdə ancaq fikirləşirdik ki, müəllim əsəbiləşməsin, bizə mehriban davransın”.

Göyçay rayonun  kənd müəllimi  Aynur İbrahimova  Azərbaycan Pedaqoji Universitetinin bakalavr və magistratura  səviyyəsini bitirib. Universitetdə oxuduğu müddətdə Gənclər təşkilatının sədri olub, müxtəlif tədbirlərdə fəal iştirak edib. Müsahibədə iştirak etdiyi üçün qürur duyduğunu və bu şəraiti  yaradan hər kəsə təşəkkür etdiyini bildirib.

“Universitetdə  qazandığım təcrübəni 7 ildir ki,  Göyçay məktəbində tətbiq edirəm. İşimi sevirəm, şagirdlərimlə görüşməkdən qürur duyuram.
Müəllim kimi fəaliyyətə başlayanda kənd mühitində  təəccüblə qarşılandım.  Mən  dərsləri yeni metodlarla qurmağa çalışırdım. Fənni tədris etməklə yanaşı, şagirdlərin həm musiqi, həm yaradıcılıq bacarıqlarını inkişaf etdirirdim. Bu da kənd əhalisinin etirazına səbəb oldu. Onlar deyirdilər ki, biz dərsdə musiqi olduğunu  görməmişik .  Daha sonra  valideynlər  dərslərimdə iştirak etdi və dərs prosesi  onlar üçün  maraqlı gəldi.  Mən qeyd edim ki, bu müsabiqədə ən böyük dəstəkçilərim şagirdlərimin valideynləri idi. Məncə, şagirdlərin, kənd əhalisinin hörmətini, dəyərini qazanmaqdan  daha böyük xoşbəxtlik ola bilməz”.

O, həmçinin qeyd edib ki, əvvəllər həmin məktəbdə şərait elə də yaxşı olmasa da, bu təlim prosesinə mənfi təsir göstərmirdi.

“Əvvələr məktəbin qəbul nəticələri də aşağı olub. Müəllim işlədikdən iki il sonra şagirdlərimdən biri ən yüksək balı toplayaraq rayon birincisi oldu. Bununla da o, etimad doğrultdu və hal-hazırda işimizi valideynlərlə bərabər görürük”.

Ağcabədi rayonunda yerləşən Laçın rayon Taxtakörpü kənd məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl  öz çıxışında  AzEdu.az kollektivinə,  layihənin təşkilatçılarına öz təşəkkürünü bildirib. O qeyd edib ki,  bu tədbirdə keçən il keçirilən “İlin gənc müəllimi”  müsabiqənin qalibi kimi  iştirak edir:

“Azərbaycan Dillər Universitetinin (ADU) məzunuyam. Doğrudur, insan bəzən düşünür ki, böyük şəhərlərdə daha böyük uğurlara nail olunur. Amma mən əsla belə düşünməmişəm. Fikrimcə, insan daha çox  ona ehtiyac olan yerdə uğur qazana bilər. Mən imtahandan yüksək bal toplasam da, Laçın rayon məcburi köçkünlərinin məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayonu Taxtakörpü məktəbini seçdim .  Qeyd edim ki, məktəbimizin açılışı bilavasitə cənab Prezident tərəfindən  ad günündə baş tutub”.

O hazırda müəllimlərə göstərilən dövlət qayğısını da diqqətə çatdırıb. Bu gün müəllimlərin işlədikləri yerdən asılı olmayaraq daim diqqət mərkəzində olduğunu vurğulayıb:

“Mənə elə gəlir ki, müəllimlər ucqarlarda işləyəndə gözdən uzaq olduqlarını düşünürlər. Amma əsla belə düşünməsinlər.   Gənc müəllimlər Assosiasiyasının üzvü olaraq da, daim üzərimizdə diqqət və qayğı hiss edirik.  İstər müəllimin sosial rifahının yaxşılaşdırılması, istərsə də müəllim fəaliyyətin stimullaşdırılması istiqamətində ölkə başçısı tərəfindən ardıcıl görülən işlər, qəbul edilən qərarlar Azərbaycanda müəllim nüfuzunun artırılmasını  bunun bariz nümunəsidir”-deyə Ş.Cəbrayil əlavə edib.