Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 09:36:00
 “Müəllim” sözünü hansı ifadələrlə əvəzləyək?-  İnsanlarda  ucuzlaşan müraciət forması

 

İnsana düzgün yol göstərən, onun  mükəmməl şəxsiyyət olmasına stimul verən əsas qüvvə müəllim sayılır.

Bu sözün yükünü daşımaq isə hər insana qismət olmur. Lakin cəmiyyətimizdə böyükdən-kiçiyə az qala hər kəsə, azacıq səlahiyyət sahibi olan birinə də “müəllim” deyə müraciət edilir.  

Doğrudur, “müəllim” xitabını müəyyən qədər hörmət əlamətli müraciət forması kimi anlamaq olar. Lakin az qala, yeni tanış olduğun, ilk dəfə qarşılaşdığın kimsəyə “müəllim” deyə səslənmək nə dərəcədə doğrudur?

Ümumiyyətlə, pedaqoji və elmi  fəaliyyətlə məşğul olmayan  digər peşə sahiblərinin “müəllim” adlandırılması nədən qaynaqlanır?

Onu hansı çağırışlarla əvəz etmək olar?

AMEA-nın Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova AzEdu.az-a açıqlamasında “müəllim” sözünün terminoloji funksiyasından danışıb:

“Cəmiyyət daxilində “müəllim” ifadəsi öz ilkin mənasından uzaqlaşaraq hörmət əlaməti olaraq işlədilir. Bu müraciət forması nüfuzlu şəxsləri çağırarkən istifadə olunur.

Müraciət formalarının  fərqli növləri mövcuddur. “Müəllim” sözü daha çox ustad, işinin peşəkarı mənasında işlədilir. Lakin bu gün müəllim ifadəsi heç bir xüsusi raputasiyası olmayan şəxslərə də aid edilir”.

Sayalı Sadıqova “müəllim” sözünün əvəzləyicisi olaraq hansı ifadələri istifadə etmək lazım olduğunu da aşıqlaması zamanı vurğulayıb:

“Rəsmi dairələrdə “cənab” ifadəsi işlədilir. “Hörmətli” sözündən də istifadə olunur. SSRİ-də “yoldaş” müraciətindən istifadə edilirdi. İndi bu müraciət sıradan çıxıb.

Ən geniş yayılan müraciət forması “müəllim”dir. Bundan əlavə, “xanım” və “bəy” ifadələrindən də istifadə olunur. “Xanım” sözü qadınlara qarşı ən yaxşı müraciət formasıdır. “Bəy” isə müxtəlif dövrlərdə mövcud olan ifadədir. Müstəqilliyimizin ilkin vaxtlarında hörmət əlaməti olaraq bəy sözündən istifadə edilirdi. Qadınlara qarşı “xanım” ifadəsinin işlədilməsi çox xoş haldır.

Usta, fəhlə kimi sənət sahiblərinə müraciət edərkən müəllim ifadəsinin işlədilməsi düzgün deyil. Müəllim sözünün  yüksək mənaları var. Bu ifadə daha çox ziyalılar arasında öz əksini tapıb.

Nəticə olaraq ,hər bir insana müəllim kimi müraciət etmək düzgün deyil”.

Bakı Dövlət Universitetinin  Beynəlxalq Jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli “müəllim” sözünün dəyəri haqqında danışıb:

““Müəllim” elm öyrədən, bilik verən deməkdir. Bu şərəfli peşənin sahibləri, bir qayda olaraq, təhsil müəssisələrində çalışırlar. Yalnız onlara “müəllim” deyə müraciət etmək olar. Yerdə qalanlar kateqoriyalara bölünür. Kişi dövlət xadimlərinə, digər rəsmi vəzifə sahiblərinə “cənab” müraciət forması qəbul edilib: cənab Prezident, cənab nazir,və s. Vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq qadınların hamısına “xanım” deyilir. Tanıdığımız qohumlara qohumluq statusuna görə müraciət edirik:  dayı, əmi,  xala,  bibi və s”.

Nəsir Əhmədli bəy sözünün etimologiyası haqqında məlumat verib:

“Əsas problem vəzifəsini, ictimai mövqeyini bilmədiyimiz, tanış olmayan kişilərə müraciətlə bağlıdır. Burada ən optimal variant “bəy” sözüdür. XIX əsrdə, XX əsrin əvvəllərində (Sovet dövrünə qədər), 1990-cı illərin ilk çağlarında kişilərə çox asanlıqla “bəy” demək olurdu, lakin sonralar, nədənsə, bu sözə qarşı antipatiya yarandı, “Bəylik mənim harama yaraşır, kasıb adamam” kimi iradlar eşidilməyə başlandı. Bununla bağlı çox vacib bir açıqlama vermək istəyirəm. Vaxtilə dilimizdə “bay” kəlməsi olub, varlı, zəngin, şen, firavan anlamında işlənib. İndinin özündə də “Eviniz bay olsun” ifadəsinə rast gəlirik. Sonra bu sözdəki “a” saiti “ə”-yə çevrilib və söz “bəy” formasını alıb. “Bəy” müraciət formasının bu sözlə əlaqəsi yoxdur. Müraciət formasında olan “bəy” sözü “bəyənmək” sözü ilə qohumdur, yəni birinə “bəy” deyə üz tuturuqsa, bu o deməkdir ki, biz həmin adama rəğbətlə yanaşırıq, onu bəyənirik”.

Taqaüdçü müəllim Vaqif Qasımov qeyd edib ki, müəllim ifadəsinin işlənməsinə iki istiqamətdən baxmaq olar:

“Peşəsinin ustadı olana və onu öyrətmək qabilliyyəti olan şəxsə müəllim demək olar. İnsanın ətrafında öyrənməyə həvəsli şəxslər birləşibsə, o, müəllim olmaq yolunda addımlayır. Ona müəllim demək olar. Necə ki digər sahələri öyrədənə də müəllim deyilir.

Bəzən sənəti olmayan şəxslərə də müəllim deyilir. Bu düzgün deyil.İnsan hörmət qazanarsa, onu müəllim adlandırmaq olar. Adi müraciət forması kimi müəllim ifadəsinin işlədilməsini isə qəbul etmirəm”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları