Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 15:49:00
Azərbaycanlı qadının Türkiyədəki elmi uğuru

Azərbaycanın ilk muzey qurucularından Hüseyn bəy Mirzəcamalzadə...

Hüseyn bəy Türkiyəyə gəldikdən sonra bacısının övladlarının ali təhsil alıb faydalı vətəndaş kimi yetişmələrini istəyib. Bu övladlardan Dilşad xanım Türkiyənin məşhur fizika alimlərindən olub.

Dilşad Talıbxan Elbrus 1915-ci ildə Bakıda doğulub. 1931-ci ildə İstanbul Qız liseyini, 1934-cü ildə İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümünü bitirib. Həmin fakültənin Təcrübi Fizika İnstitutunda 27.12.1934 tarixində assistent kimi elmi fəaliyyətə başlayıb. 05.06.1949-da dissertasiya müdafiə edib, eyni bölümdə 1954-cü ilin noyabrında dosent ünvanını qazanıb. 1957-ci ilin noyabrında İzmirdə Ege Universiteti Tibb fakültəsi Fizika İnstitutuna təyin edilib.

O, 11.07.1961-də burada professor ünvanına sahib olub. 14.10.1961-də yeni qurulan Ege Universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına təyin edilib. 15.04.1969-da eyni universitetin mühəndislik elmləri fakültəsinə keçib.
Sağlamlığında yaranmış rahatsızlıqla bağlı 1976-da erkən yaşda təqaüdə çıxıb, İzmirdən İstanbula köçüb, Bağdad prospektindəki evində yaşayıb. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlayıb.

Dilşad xanım məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910-2005) ilə ailə qurub, bir qədər sonra ayrılıblar.
İstanbulda 11.04.1979-da dünyasını dəyişib. İki kitabı və 6 elmi məqaləsi var.

Rus, alman və ingilis dillərini bilən Dilşad xanım müxtəlif tarixlərdə elmi çalışmalar aparmaq üçün İngiltərə və İsveçdə müxtəlif universitetlərdə uzun müddət çalışıb. Oksfordda yaşayarkən 27 aprel faciəsi ilə bağlı Türkiyədəki yurddaşlarına 1955-ci il 24 aprel tarixli məktub göndərib: “Əziz Azərbaycanımızın vəhşi bir istilaya uğradığı günün ildönümünü dərin bir ələmlə anaraq içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmağıma baxmayaraq, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bildirmək istədim. Tanrım bu vəhşi istilanın daha çox davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!”.

Vəfatından sonra Dilşad Talıbxan Elbrus haqqında yaxın rəfiqəsi Fevziyyə Abdullah Tansel (1912-1988) “Azərbaycan” Kültür Dərgisində xatirələrini yazıb. O, qeyd edib ki, bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir.(Teleqraf.com)

Qaynaq:

Özcan Ömər. Bir vatandan bir vatana. İstanbul, 2018, ss: 345-346

“Azerbaycan” dərgisi, sayı 49, 1956

“Azerbaycan” dərgisi, sayı 230, 1979