XƏBƏRLƏR

10.06.2019 14:17
Apelyasiya Komissiyası 170 şagirdin qiymətində dəyişiklik etdi - RƏSMİ

2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird iştirak edib və şagirdlərin ümumilikdə 3042.000-dən çox tapşırıq üzrə yazı işi olub.

Ümumi yazı işlərinin sayı 3042000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6084.000-dən çox yoxlama işi həyata keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, imtahanların nəticələri aprel ayı ərzində elan olunub və hər bir iştirakçı DİM-in saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub.

İmtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilmiş imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29%-i) 4000-dən çox tapşırıq (bütün tapşırıqların 0,13%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15%-i,) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 7 şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət edib, amma araşdırma zamanı məlum olub ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər.

14 şagird ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina etmiş və ya apelyasiyaya gəlməyib0 Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.

İlin gənc müəllimi-Müraciət formu