XƏBƏRLƏR

14.04.2019 11:12
8 beynəlxalq olimpiada qalibi: “Universitetlərə imtahansız qəbul olimpiadaçılar üçün əla şansdır” - MÜSAHİBƏ

“Son illər beynəlxalq olimpiada qalibləri ilə bağlı qəbul edilən qərarlar olimpiadaların məktəblilər arasında populyarlaşmasına ciddi təsir göstərir” – Mirəli Əhmədli

AzEdu.az Beynəlxalq və Respublika fənn olimpiadalarının qalibləri ilə silsilə müsahibələrə davam edir.

Budəfəki müsahibimiz 8 beynəlxalq olimpiada qalibi Mirəli Əhmədlidir.

Mirəli Əhmədli ümumilikdə 8 beynəlxalq olimpiadaya qatılıb. 1 gümüş, 4 bürünc və 3 həvəsləndirici olmaqla, 8 mükafat sahibidir. Mükafatları arasında ən önəmlilərinin  Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasından qazandığı bürünc medalı və Tailand, eyni zamanda Honq Konqda təşkil olunan eyniadlı olimpiadada əldə etdiyi həvəsləndirici yerlərin olduğunu  hesab edir. Mirəli bu uğurlarını hazırda KAİST-də oxumasına səbəb kimi əsaslandırır.

Beynəlxalq olimpiadaçı təqdimatına bunları əlavə edir:

-Mən Mirəli Əhmədli, 2000-ci ildə Gəncə şəhərində anadan olmuşam. VII sinifdən etibarən Gəncə Özəl Türk Liseyinə tam təqaüd qazanaraq, təhsilimi orada davam etdirmişəm. Elə liseydə oxumağa başladığım ildən Riyaziyyat fənn olimpiadalarına maraq göstərirdim. Beləcə, yüksək nailiyyətlər qazanaraq, Bakı Liseyindəki olimpiada sinfinə seçilib, artıq burada daha ciddi hazırlıqlara başlamışam. Gəncə İstək Liseyindən məzun olduğum il, dünyanın ən nüfuzlu universitetlərindən biri- KAIST-də (Cənubi Koreya) təqaüdlü təhsil haqqı qazanmışam.

Beynəlxalq olimpiada qaliblərinin universitetə imtahansız qəbulu barədə

“Yeni qərar məktəb illərini olimpiadaya həsr edən şagirdlər üçün əla şansdır”.

“Hazırda Kompüter və Riyaziyyat Elmləri ixtisası üzrə II kurs tələbəsiyəm. İlk qatıldığım olimpiada 2014-cü ildə keçirilən Gənclərin Balkan Riyaziyyat Olimpiadası (JBMO) olub. Nəticədə, bürünc medal qazanmışam. Azərbaycan gəncləri beynəlxalq olimpiadalarda son illər ərzində tez-tez uğur qazanırlar. Bu nailiyyətləri izləyən zaman təhsil aldığım liseyin adı ilə tez-tez qarşılaşmağım məni xoşbəxt edir. Sevindirici haldır ki, artıq böyük şəhərlərdə olimpiadalara hazırlıq mərkəzləri qurulub və bu, geniş fəaliyyət növünə çevrilib.  Son illərdə Təhsil Nazirliyinin təşəbbüsü nəticəsində beynəlxalq olimpiada qalibləri ilə bağlı qəbul edilən qərar da ümumilikdə olimpiadanın məktəblilər arasında populyarlaşmasına ciddi təsir göstərir. Bu qərar karyera üçün həyatının ən önəmli dövrünü olimpiadaya həsr edən şagirdlərin Azərbaycanın ən yaxşı universitetlərində oxumasına şərait yaradır”, - deyə Mirəli Əhmədli fikirlərini bölüşür.

Olimpiadalara hazırlıq prosesi barədə -“Əvvəlki illərdə beynəlxalq olimpiadalarda qalib olan şəxslər indi öz təcrübələrini şagirdlərlə könüllü şəkildə bölüşürlər”

Olimpiada qalibi qeyd edir ki, müşahidələrinə əsasən, olimpiadaya hazırlıq prosesi əvvəlki illərlə müqayisədə daha intensiv aparılır:

“Hazırda mən də daxil olmaqla, bir çox olimpiada qalibi könüllü şəkildə şagirdlərlə məşğul olur və onlara bu sahədə uğura aparan yolu tapmalarına kömək edirik. Təəssüf ki, tələbə olduğumuz üçün olimpiadaya hazırlaşanlarla “fulltime” olaraq məşğul ola bilmirik. Təbii ki, ölkəmizdə bu işin peşəkarı olan müəllimlər çoxdur və onlar uşaqlarla mütəmadi məşğul olurlar. Buna baxmayaraq, hesab edirəm ki, olimpiadaya şagird hazırlaşdıran mütəxəssislərin artmasına ehtiyac var”.

Yeni dostluqlar qazandıran olimpiadalar - “Braziliyada təşkil olunan olimpiada zamanı Fields medalı sahibi olan alimlə ünsiyyət qurmaq imkanım oldu”

Mirəli Əhmədli bildirib ki, o, sonuncu dəfə Braziliyada keçirilən olimpiadada iştirak etməyinə baxmayaraq, digər iştirakçılarla müqayisədə yaşca çox kiçik olub:

“Bu olimpiada ərzində çoxlu yeni dostluqlar qurdum. Həmçinin, Braziliyadan Fields medalı qazanan alimlə görüşüb-danışmaq fürsəti əldə etdim. Fields medalını riyaziyyatın “Nobel mükafatı” adlandırmaq olar. Bu mükafat hər 4 ildə bir dəfə, yaşı  40-dan az olan 4 riyaziyyatçı alimə verilir. Bundan əlavə, olimpiadaya qatılacaq şagirdlərə məsləhətim odur ki, olimpiada ərzində bacardıqları qədər çoxlu dostlar qazansınlar. Bu dostluq münasibətləri gələcəkdə onlara lazım olacaq. Alimlə onun keçdiyi həyat yolu, təcrübələri, müxtəlif elmi araşdırmaları haqda söhbət etdik və özüm üçün bu ünsiyyətdən qazandığım çox şey oldu”.

İlin gənc müəllimi-Müraciət formu