XƏBƏRLƏR

15.03.2019 10:57
Elita emalatxanası

XV əsrdə imkansız ailələrin uşaqları üçün açılmış məktəb indi dünyanın ən populyar təhsil ocaqlarından biridir

Qərbdə əsrlərlə formalaşmış ənənəyə əsasən, zadəgan ailəsində yeni oğlan uşağı həyata göz açan kimi atası dərhal İton və ya Herrou məktəbi ilə əlaqə qurur. Uşağın gələcək təhsili məsələsini körpə hələ bələkdə olarkən həll edirlər. Ənənələrin əsrlik tarixi oxucunu təəccübləndirməsin - məktəblərdən biri XV, digəri isə XVI əsrlərdə yaradılıb. Artıq neçə yüzilliklərdir ki, Avropa, Afrika və Asiyanın monarx ailələri uşaqlarını bu iki kollecdən birinə göndərirlər. Kollecə qəbul prosesinin əvvəlki dövrdən fərqli olmasına baxmayaraq, zadəgan ailələrinin müraciətlərində kəmiyyət baxımından azalma qeydə alınmayıb.

İl ərzində İtonda 13-18 yaş arasında 1300-dək oğlan uşağı təhsil alır. Herrouda şagirdlərin sayı təqribən 800 nəfərdir. Bu özəl məktəblərin “sakinləri”nin digər həmyaşıdlarından fərqli olduqlarını demək yetərli deyil. Burada uşaqların həyatı ənənələrə riayət etməkdən ibarətdir: onillərdir tərzi dəyişməyən məktəbli forması, “yad”ların anlamadıqları xüsusi slenq və gizli bayramlar. İtonda uşaqların oynadıqları oyunlar da fərqlidir. Kollecin direktoru Toni Littlın dediyinə görə, bu,  digərlərinə bir az ekssentrik görünə bilər ancaq: “Bizdə hər şey fərqlidir. Siz bizim ənənəvi rəngimizi mavi görürsünüz, əslində isə o, açıq yaşıldır”. 

Baş nazirlərin məktəbləri

Tarix və ənənələr öz yerində, valideynləri isə təhsil və məktəbdən sonrakı perspektiv maraqlandırır. Uşaqlar necə təhsil alırlar? Biz sadalayaq, siz nəticə çıxarın: 5 illik təhsilin nəticəsi olaraq uşaqlar fundamental elmlər sahəsində akademik biliklərə malik olurlar, hər biri idman, aktyorluq, musiqi bacarıqları sahəsində ən yüksək göstəricilər nümayiş etdirirlər. Ən əsası, İton və Herrou şəxsi yüksəlişə necə nail olmağın yollarını göstərir və öyrədir. Herrounun rəsmi saytı ilə tanış olsanız, görəcəksiniz ki, kollecin uşaqlara təklif etdiyi əlavə biliklər adi qabaqcıl məktəblərdəkindən ən azı 3 dəfə çoxdur. Ancaq bir daha qeyd etmək lazımdır ki, bilik və savadla yanaşı, başlıca faktor gəncin şəxsi yüksəlişi və inkişafıdır. Bunun üçünsə hər birimiz yaxşı anlayırıq ki, şəxsi münasibət və əlaqələrin əvəzolunmaz rolu var. Söhbət nədən gedir?

Özünüz müqayisə edin: İtonda Böyük Britaniyanın 19 baş naziri təhsil alıb, Herrouda 7. Şahzadələr Uilyam və Harri İtonu bitiriblər. Hazırda dünya biznes elitasını təmsil edən xeyli şəxsin övladları bu iki kollecdən birində təhsil alırlar. Ceyms Bond haqqında kitabların müəllifi Yan Fleminq İtonda oxuyub.

Yeri gəlmişkən, görünür, Fleminqin məktəb həyatında heç də hər şey hamar olmayıb, çünki kitablarının baş qəhrəmanı Bond İtondan bir qızla məhəbbət yaşaması səbəbindən qovulur. Deyə bilərsiniz ki, burada nə var, axı məktəb illərində belə hallar adidir.

Cavab sadədir: İtonda ancaq oğlanlar təhsil alır, kənar məktəblərdən qızla ünsiyyət qurmaq dərslərdən yayınmaq deməkdir. Herrounun saytında qeyd olunur ki, məktəb mütəmadi olaraq qızların oxuduqları digər təhsil ocaqları ilə birgə tədbirlər keçirir. İtondan isə bildirirlər ki, qızların oxuduqları məktəblərlə əlaqə yalnız xeyriyyə aksiyalarının keçirilməsi ilə məhdudlaşır.

Hər iki kollecdə təhsil kifayət qədər bahadır. Bir ilə ailə övladının təhsili üçün təqribən 32-35 min funt pul xərcləyir. Təhsil 5 il davam edir. Bu rəqəmi bizim valyutaya konvertasiya etmək niyyətiniz varsa, məsləhət deyil. Məktəbə hazırlıq prosesi təqribən üç il əvvəl başlayır. Yəni uşaq 13 yaşında qəbul olunacaqsa, təqribən 10 yaş yarımdan etibarən hazırlıq prosesinə start verilir. 11 yaşından etibarən ildə bir dəfə sınaq imtahanı keçirilir. İmtahan testdən və üzbəüz söhbətdən, habelə gəncin oxuduğu məktəbdən qiymətlər cədvəlinin təqdim edilməsindən ibarətdir. Hazırki statistikaya görə İtona müraciət edən oğlanların təqribən üçdə biri kollecə qəbul olunur. Tək İton və Herrouda deyil, Britaniyanın bütün özəl məktəblərində hazırlıq prosesinin keçilməsi qəbulda  ciddi  dividendlər  verə  bilər. Herrounun statistikasına görə, əcnəbilərin 50%-i belə hazırlıq mərhələsindən keçir. Yeri gəlmişkən qeyd edək ki, uşağın gedib bu iki kollecdən birinə daxil olması üçün nəinki Azərbaycanda, bütün postsovet məkanında standartlara cavab verəcək təhsil ocağı yoxdur. Məsələn, İton Britaniya üzrə təqribən 120 məktəbdə (bu məktəblərin adlarının əks olunduğu xüsusi siyahı var) oxuyan uşaqların imtahanda iştirak etmələrinə razılıq verib. Bir daha təkrarlayaq: söhbət qəbuldan deyil, imtahanda iştirak etməkdən gedir. Ümumi qəbul imtahanlarına gəldikdə isə proses çoxsaylı yazı işləri ilə yanaşı, həm də fransız və latın dilləri barədə bilikləri də nəzərdə tutur. Ancaq bir qədər fakultativ xarakter daşıyır. Çünki ən çox önəmi ingilis dili bilgisi və riyaziyyata verirlər.

Dövlət içində dövlət

İton kollecinin əsası 1440-cı ildə Britaniya kralı VI Henrix tərəfindən qoyulub. Əsas məqsəd bu idi ki, hər il məktəbdə imkansız ailələrdən təqribən 70 uşaq gələcəkdə Kembric Kral Kollecində oxumaq üçün burada təhsil alsın. Əsrlər boyu çox dəyişiklik olub: əvvəl imkansız ailələrin bacarıqlı övladları üçün nəzərdə tutulmuş məktəb indi dünyanın siyasi və biznes elitasının ən çox müraciət etdiyi özəl təhsil ocaqlarından biridir. Bu gün İtonu yalnız elitar məktəb-pansionat kimi qəbul etmirlər. Bura əsl kadr emalatxanasıdır - siyasət, mədəniyyət, incəsənət, iqtisadiyyat sahələrində yüzlərlə tanınmış sima İton kollecinin yetirmələridir. Britaniyanın ilk baş naziri, Napoleonu Vaterloouda məğlub etmiş Robert Uolpol burada oxuyub. Henri Fildinq, Oldos Haksli, Persi Bişi Şelli, Corc Oruel və daha onlarla dünya incisi hesab edilən yazıçılar. Fizik Robert Boyl, 2012-ci ildə genetika sahəsindəki araşdırmalarına görə Nobel mükafatı almış Con Gordon, makroiqtisadiyyatın banisi Con Keyns bu məktəbdə oxuyublar.

Tarixi məlumatlara görə, əvvəllər kollecdə əsil Sparta həyat tərzi hökm sürürmüş. Uşaqlar səhər tezdən 5-də yuxudan oyanmalı, dua oxumalı, səhər yeməyi yeyib 6-da dərslərə başlamalı idilər. Yemək sadəliyi ilə fərqlənirmiş, həm də gündə iki dəfə. Cümə günləri yeməkdən, ümumiyyətlə, imtina günü olub. Hər gün axşam saat 8-də dua oxunduqdan sonra uşaqlar yatmağa gedirmişlər.

İndi belə deyil - gəncləri çox sıxma-boğmaya salmırlar. Əsas niyyət bacarıqların aşılanması, qeyri-adi istedadın aşkarlanması və akademik biliklərin formalaşması üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Başlıca diqqət əlavə biliklərin verilməsinə yönəldilir. Kollec rəhbərliyinə görə, bu, uşaqların hərtərəfli inkişaf etməsində əvəzsiz metoddur. Gələcəkdə siyasi və mədəni elitanı təşkil edəcək bu gənclər əlavə dərslər, dərnəklər və klubların köməkliyi ilə şəxsi artım, liderlik bacarıqları və akademik biliklər qazana bilirlər. Məhz buna görə də İtondakı “yük”ü digər məktəblərdəkindən mülayim hesab edirlər. Həftə ərzində hər biri 40 dəqiqə davam etməklə 35 dərs. Birinci, üçüncü və beşinci günlər 7 dərs, ikinci və dördüncü günlər 5, şənbə günü isə 4 dərs. Hər sinifdə tələbələrin sayı 10-25 nəfər arasında olur. Prosesin liberal olmasına baxmayaraq, biliklər və savadın alınması sahəsində İton bir çox özəl kollecləri geridə qoyur.

İton yarandığı gündən kral ailəsinin himayəsi altındadır. Düzdür, kollecdə ianə və yardım mexanizmləri var. Məsələn, İqor və Natalya Sukanovların fondu keçmiş SSRİ respublikaları və Rusiyadan olan musiqi sahəsində savadları ilə seçilən uşaqların təhsil xərclərini ödəyir. Ancaq hər halda monarx ailəsinin təsiri və əsrlər boyu kök salmış ənənələrin rolu danılmazdır. Məsələn, uşaqlar 6 əsr əvvəl olduğu kimi yenə də həftədə bir dəfə kilsəyə gedirlər. Baxmayaraq ki, indi o vaxtdan çox böyük fərqlər var - kollecə qəbul edilərkən uşaqların hansı dinə məxsusluqları müzakirə obyekti ola bilməz. Dini ayrı-seçkilik, habelə istənilən zorakılıq halları dərhal “boğulur”. Bu hallarla yanaşı, alkoqol, narkotik istifadəsi ən sərt şəkildə - hətta məktəbdən qovulmaq formasında da cəzalandırıla bilər.

İton dövlət içində dövlətdir. Uşaqların geyim tərzi XIX əsrdə təsdiqlənib və o vaxtdan bəri dəyişikliyə uğramayıb. Danışıq forması, istifadə olunan sözlər, slenq, zarafatlar, - bunların hamısı İtonda fərqlidir və digər məktəblərdə oxuyanlar üçün anlaşılmazdır. İtondakı idman oyunları belə, dünyanın heç bir yerində keçirilmir. Burada həyat çox rəngarəng və dəbdəbəlidir. Kollecin öz adası (Queen's Eyot) və gölü (Eton Dorney), habelə onlarla tarixi bina və qəsri var.

Akademik hazırlıq

İton klassik Britaniya kollecidir. Ancaq keçilən predmetlərin sayı baxımından xüsusi təhsil ocağı olduğu görünür. Diqqət yetirək: ingilis dili və ədəbiyyatı, riyaziyyat, kimya, fizika, biologiya. Ən azı iki müasir dil, seçimi tələbə özü edir (fransız, alman, yapon, rus, Çin və ispan dilləri). Bundan əlavə, latın dili, teologiya, tarix və coğrafiya. Estetik fənlər MADPİD adlı blokda cəmləşib. Buraya daxildir: musiqi, incəsənət, dizayn, bədən tərbiyəsi. İton kollecinin tədris sistemi yüksək effektlidir. Uşaqların 98%-i dünyanın ən nüfuzlu ali məktəblərinə daxil olur, onların təqribən 30%-i Kembric və Oksfordu seçir.

İton dünyanın ən yüksək səviyyədə təchiz olunmuş məktəbidir.

Buradakı kabinet və laboratoriyalar ən sayılıb-seçilən ali məktəblərdə belə yoxdur. Musiqi dərsləri üçün iki binası var, konsert zalı, orqan studiyası, səsyazma otaqları, rok-qruplar üçün xüsusi studiya. Hər il İtonda peşəkar rejissorun köməkliyi ilə 20-dən çox teatr səhnələşdirilir. Məktəbdə iki orkestr fəaliyyət göstərir, caz və rok qrupların sayı yoxdur. Kollec tam internetləşdirilib, hətta yataqxana otaqlarında belə yüksək sürətli internetdən istifadə olunur. Planşet tələbələrin həyatının ayrılmaz elementidir, bunlarsız dərs olmur. İdmana verilən önəmi bir misalla göstərmək olar: 2012-ci ildə keçirilmiş London Olimpiadası üçün İtona məxsus göldə quraşdırılmış dünyaca məşhur avarçəkmə kompleksinə 17 milyon funt vəsait qoyulub. Elə bir idman növü yoxdur ki, İtonda onunla bağlı dərnək və ya klub olmasın. Təbii ki, ən çox maraq klassik ingilis idman növlərinə, o cümlədən futboladır.

Britaniyanın və əslində, ümumən Qərbin populyar rok və caz ifaçılarının bioqrafiyasına nəzər yetirsəniz, görərsiniz ki, onların bir çoxu musiqi deyil, tam fərqli istiqamətlər üzrə təhsil alıblar. Fəlsəfə, ictimai elmlər, riyaziyyat və ya fizika. İstər-istəməz adama təəccüblü gəlir: fəlsəfə oxuyan şəxsin bu qədər musiqi savadı haradandır? Özü də tək musiqi olmasın. Politologiya üzrə təhsil almış şəxsin çoxqütblü dünyagörüşünə malik olması İton kimi təhsil ocaqlarında aldığı hərtərəfli akademik təhsilin nəticəsidir. Müasirlik öz yerində, İtondakı ənənələr öz rolunu oynayır: sərt Sparta həyat tərzi bəlkə də XV əsrdəki kimi deyil, ancaq mülayim formada olsa da var. Necə deyərlər, nəticə göz qabağındadır. (Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu